Ombudsman əməkdaşı: İxtisaslı psixoloji yardıma müraciət etmək bir çoxları üçün çətin qərardır
- 09 oktyabr, 2025
- 14:30

İnsanlar peşəkar kömək istəməyə utanır, yaxud tərəddüdlə yanaşır.
"Report" xəbər verir ki, bunu Ombudsman Aparatının məsul əməkdaşı Nuriyyə Məmmədova "Psixi sağlamlıq və insan hüquqları" sahəsində İşçi Qrupunun ilk iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, insanlar dəlilik və ya ruhi xəstəlik kimi damğalanmaqdan çəkinirlər:
"Dünyada psixi pozuntuları olan şəxslərə münasibətdə stiqmatizasiya və ayrı-seçkilik hallarının qiymətləndirilməsi məqsədilə ictimai rəy sorğusu və sosial şəbəkələrin monitorinqi aparılıb. Sorğu könüllü və anonim şəkildə həyata keçirilib, gender balansı və yaş müxtəlifliyi nəzərə alınıb. Nəticələr göstərir ki, ixtisaslı psixoloji və psixiatriya yardımına müraciət etmək hələ də bir çox insanlar üçün çətin qərardır".
N.Məmmədova təəssüflə qeyd edib ki, sorğuda iştirak edən bir çox respondent psixi pozuntusu olan şəxslərin ailə qurması və valideyn olmasına qarşı çıxıb:
"Onlar belə şəxslərin sosial və şəxsi məsuliyyət daşıya bilməyəcəyindən ehtiyat etdiklərini vurğulayıblar. Həmçinin bu şəxslərin təhlükəli və etibarsız olmaları ilə bağlı cəmiyyətdə kök salmış yanlış təsəvvürlərin mövcudluğu da sorğunun nəticələrində öz əksini tapıb. Ümumilikdə sorğunun nəticələri psixi sağlamlıq anlayışı və peşəkar yardım almağa münasibətdə cəmiyyətdə müəyyən stereotiplərin mövcud olduğunu, stiqmatizasiya meyillərinin müşahidə edildiyini və psixi sağlamlıqla bağlı ictimai məlumatlılıq səviyyəsinin hələ də aşağı olduğunu göstərir".