Azərbaycan və BƏƏ əməkdaşlığın 5 əsas istiqamətində alt komitələr yaradacaq

Xarici siyasət
  • 01 dekabr, 2025
  • 14:46
Azərbaycan və BƏƏ əməkdaşlığın 5 əsas istiqamətində alt komitələr yaradacaq

Azərbaycan və BƏƏ beş əsas sektor üzrə alt komitələrin yaradılması barədə razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə BƏƏ XİN-in Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin noyabrın 28-də Əbu-Dabidə keçirilən birinci iclasının yekununa dair yaydığı bəyanatda qeyd olunur.

Məlumata görə, alt komitələr siyasət və diplomatiya, iqtisadi əməkdaşlıq, müdafiə və hüquq-mühafizə fəaliyyəti, humanitar əməkdaşlıq (təhsil, mədəniyyət və qabaqcıl texnologiyalar), həmçinin enerji əməkdaşlığı və davamlı inkişaf sahələrini əhatə edir.

BƏƏ XİN qeyd edib ki, Strateji Komitənin toplanması ikitərəfli tərəfdaşlığın dərinliyini və ümumi strateji baxışı vurğulayıb və Bakı ilə Əbu-Dabinin prioritet istiqamətlərdə ixtisaslaşmış institusional platforma vasitəsilə qarşılıqlı fəaliyyəti gücləndirmək əzmini təsdiqləyib.

İclasa BƏƏ-nin dövlət naziri Səid Əl Həcəri və Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev sədrlik edib. Görüşdə hər iki ölkənin dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Səid Əl Həcərinin sözlərinə görə, bu cür görüşlər iki dövlət arasında sürətlə inkişaf edən əlaqələri əks etdirir və qarşılıqlı maraq dairəsinə daxil olan sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.

Görüş zamanı tərəflər beşillik yol xəritəsinin həyata keçirilməsi mexanizmlərini müzakirə edib və bir sıra birgə prioritet layihələri nəzərdən keçiriblər.

İclasın yekunu üzrə komitənin növbəti görüşünün Bakıda keçirilməsi qərara alınıb, bu isə tərəflərin dialoqun daha da dərinləşdirilməsinə sadiqliyini vurğulayır.

Xatırladaq ki, komitə 2025-ci il sentyabrın 16-da imzalanmış Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə uyğun olaraq yaradılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti