Azərbaycandakı sənaye parklarının rezidentləri indiyə qədər 525 milyon manat vəsaitə qənaət ediblər
- 03 oktyabr, 2025
- 17:03

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki 8 sənaye parkında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 524,5 milyon manat, təkcə bu ilin yanvar-avqust aylarında isə 19,5 milyon manatdan çox vəsaitə qənaət ediblər.
Bunu "Report" a açıqlamasında agentliyin mətbuat katibi Elçin Kazımov bildirib.
Onun sözlərinə görə, indiyə qədər parklarda fəaliyyət göstərən sahibkarlara ümumilikdə 1 805 ədəd, bu ilin 8 ayında isə 210 ədəd təsdiqedici sənəd verilib.
Xatırladaq ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.