"Səbail"in icraçı direktoru: "Elvin Məmmədov işinə həmişə peşəkar və dürüst yanaşıb"
- 28 noyabr, 2025
- 12:49
Azərbaycanın I Liqa təmsilçisi "Səbail"in baş məşqçisi vəzifəsindən istefa verən Elvin Məmmədov işinə həmişə məsuliyyətlə, vicdanla, peşəkarlıqla və dürüstlüklə yanaşıb.
Bunu "Report"a açıqlamasında "Səbail"in icraçı direktoru Firuz Abdulla deyib.
Funksioner baş məşqçi ilə yolların ayrılması ilə bağlı fikirlərini bölüşüb:
"Elvinlə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Münasibətlərimiz çox yaxşıdır. Elvinin fəaliyyətindən nə mənim, nə də İdarə Heyətinin narazılığı var. Ötən dövr ərzində işinə həmişə məsuliyyətlə, vicdanla, peşəkarlıqla və dürüstlüklə yanaşıb. Məşqlərin keyfiyyəti də öz yerində. Bəzən futbolda belə olur. Görürsən ki, hər şey qaydasındadır, amma nəticə gəlmir. Oyunlarda çətinliklərlə üzləşirsən. Son matçdakı məğlubiyyətdən sonra görüşdük və qərara aldıq ki, bəlkə də keyfiyyətin artmasına, daha yaxşı nəticələr üçün müəyyən dəyişikliklərə ehtiyac var. Elvinlə fikirlərimiz üst-üstə düşdü və normal şəkildə ayrıldıq. Ona uğurlar arzulayıram".
Klub rəsmisi indiki durumda E.Məmmədova daha çox zaman tanımağa imkan olmadığını deyib:
"Səmimi deyirəm, indiki durumumuz daha çox zaman tanımağa imkan versəydi, hətta Elvin özü getmək istəsə belə, mən onu buraxmazdım. Lakin bizim də reallıqlarımız var. Bilirsiniz ki, hədəfimiz Premyer Liqaya qayıtmaqdır. Çox zamanımız yoxdur. Bəlkə də proses başqa şərait və şərtlər altında baş versəydi, hadisələr zamanın tələblərinin fərqli olduğu dövrdə cərəyan etsəydi, Elvinlə yollarımızı ayırmazdıq".
İcraçı direktor yaxın günlərdə yeni baş məşqçi ilə bağlı qərar verəcəklərini də vurğulayıb:
"Təbii ki, baş məşqçi vəzifəsinə namizədlər var. Amma konkret heç kimlə razılıq əldə etməmişik deyə, ad çəkmək düzgün olmaz. Yaxın günlərdə bununla bağlı müzakirələr aparıb qərar verməyə çalışacağıq. Təbii ki, qarşıdakı matça komandanı yeni baş məşqçi çıxaracaq. Növbəti oyunumuz dekabrın 11-də olacaq. Bu gün isə noyabrın 28-dir. Vaxtımız var, dünənki oyundan sonra komanda bir neçə günlük istirahətə buraxılıb. Qarşıdakı günlərdə bu məsələyə aydınlıq gətirməyə çalışacağıq".
F.Abdulla yerli mütəxəssisə üstünlük verəcəklərini söyləyib:
"Büdcəmiz, həm də açıq deyim, futbola münasibətim ona əsaslanır ki, yerli mütəxəssislə işləyək. Heyətə gəlincə, gündəmdə hansısa futbolçunun göndərilməsi yoxdur. Yeni baş məşqçi kim olacaqsa, təbii ki, heyətdəki futbolçularla bağlı o qərar verəcək. Biz baş məşqçinin futbolçulardan istifadəsi ilə bağlı məsələlərə heç vaxt müdaxilə etmirik".
Qeyd edək ki, E.Məmmədov ötən gün qarşılıqlı razılıq əsasında "Səbail"dən ayrılıb. Komanda hazırda I Liqanın turnir cədvəlində 18 xalla ikincidir.