VK-nın komissiya sədri: İmtahan iştirakçılarının sayı vəkillik institutunun nüfuzunun artdığını göstərir
- 28 noyabr, 2025
- 12:47
Bu gün imtahanda iştirak edənlərin sayı Azərbaycanda vəkillik institutunun nüfuzunun artdığını göstərir.
"Report" xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının (VK) İxtisas Komissiyasının sədri Turqay Hüseynov vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ilkin məlumata görə, bu gün 409 nəfər imtahanda iştirak edir: "Bu, hüquqşünas ixtisası üzrə ali təhsil alan şəxslərin 80 faizə yaxın olan hissəsidir. Bu da vəkilliyə marağın artmasını əks etdirir. Proses mərhələli şəkildə keçirilir. İlkin mərhələ yazılıdır, növbəti mərhələ şifahi imtahandır. Sonra isə təlim olacaq".
T.Hüseynov vurğulayıb ki, "Vəkillik fəaliyyəti haqqında" qanuna edilən son dəyişikliyə görə, İxtisas Komissiyasının tərkibi 11-dən 13-ə artırılıb.
"Vəkil üzvlərin sayı da 5-dən 7 nəfərə artırılıb. Yazılı imtahandan sonra, yəni növbəti proseslərdə namizədlərin psixoloji durumu, onların müvəkkillərini müdafiə etməyə yararlılığı yoxlanılacaq. Bu, böyük məsuliyyətdir. Vəkillər vətəndaşlarla işləyir, hüququ pozulanlar olur. Vəkil elə bir tənzimləmə aparmalıdır ki, müvəkkilinin ona inamı artsın", - o vurğulayıb.