Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası qaydası təsdiqlənib
- 27 noyabr, 2025
- 15:19
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydası təsdiqlənib.
"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaydalara əsasən, sertifikasiya imtahanının sınaq imtahanında iştirak haqqının məbləği tibb və ya səhiyyə ixtisasları üzrə ali təhsili olan tibb mütəxəssisləri üçün 35 manat, orta ixtisas təhsili olan tibb mütəxəssisləri üçün 25 manat təsdiq edilib.
Davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmi hər il orta hesabla 50 kredit olmaqla 5 il ərzində minimum 250 kredit təsdiq edilib.
Bu Qərar qüvvəyə mindiyi günədək sertifikasiya şəhadətnaməsinin qüvvədəolma müddəti başa çatmamış tibb mütəxəssisləri minimum 250 kreditdən hər il üzrə nəzərdə tutulmuş orta illik hesabla 50 krediti topladıqda, sertifikasiya şəhadətnaməsinin qüvvədəolma müddətinə bir ildən az qalmış tibb mütəxəssisləri 50 krediti topladıqda şəhadətnamə əldə edəcəklər.
Tibb mütəxəssislərinin sertifikasiyasını Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası və Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi keçirəcək. İmtahan sualları iki hissədən (test və klinik tapşırıq) ibarətdir və məxfilik gözlənilməklə 3 mürəkkəblik dərəcəsi üzrə tərtib ediləcək. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə ediləcək sualların sayından azı 10 dəfə çox olmalıdır. İmtahan sualları müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertizadan keçirilir. Ekspertizadan keçirilmiş imtahan sualları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq ixtisaslar üzrə test bankına daxil edilir və yalnız həmin suallardan istifadə olunur.
İmtahandan keçməyən işçilər 6 ay müddətində müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar imtahan olunmaq məqsədilə öz ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Mərkəzə müraciət edə bilərlər.
İmtahandan keçməyən işçilərin təkrar imtahana qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılacaq. İmtahandan təkrar keçməyən işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq xitam veriləcək.