Sızan telefon söhbəti – qlobal təhlükəsizliyə yeni təhdidlər - ŞƏRH
- 27 noyabr, 2025
- 17:02
Ötən gün ABŞ-nin ictimai-siyasi həyatı və təhlükəsizliyi ilə bağlı iki hadisə yaşanıb.
Birinci hal Ağ ev yaxınlığında ABŞ Milli Qvardiyasının hərbçilərinə qarşı hücum və iki əsgərin ölməsi, digəri isə Vaşinqton-Moskva arasındakı gizli görüşdəki danışıqların mətbuata sızdırılmasıdır.
"Bloomberg News"ə sızdırılan məlumatda Prezident Donald Trampın xüsusi nümayəndəsi Steve Uitkoff ilə Rusiyanın dövlət başçısı Vladimir Putinin köməkçisi Yuri Uşakov arasındakı telefon danışığından bəhs edilib. Qeyd edilir ki, Uitkoff rusiyalı tərəfmüqabilindən Putinin Trampın "həqiqi bir sülh adamı olduğunu" deyərək tərifləməsini istəyib.
Bu danışıq oktyabrın 14-də olub.
Danışıq zamanı Rusiya-Ukrayna müharibəsi də müzakirə edilib. Məlumata görə, Uşakov bildirib ki, müharibənin həll olunması halında bölgə böyük ölçüdə rahatlaşacaq. Uitkoff isə cavabında deyib: "Məncə, Rusiya-Ukrayna məsələsini həll edə bilsək, hamı sevincindən havaya uçacaq. Bunu necə həll edə bilərik?".
Uitkoff Uşakova Putinin Trampla mümkün telefon danışığı zamanı hansı ifadələri işlətməli olduğu barədə məsləhətlər verib. Qeyd olunub ki, Kreml rəhbəri Ağ evdən olan həmkarını "uğurları ilə bağlı təbrik etməsi, onu dəstəklədiyi və Trampı sülhsevər bir lider" olaraq gördüyü ismarışları çatdırması diplomatik prosesi sürətləndirəcək:
"Mən olsaydım, telefonu açar və bu uğurdan dolayı prezidenti təbrik etdiyimi, onu dəstəklədiyimi, sülhsevər bir adam olduğuna hörmət bəslədiyimi və bunun gerçəkləşməsindən həqiqətən çox məmnun olduğumu təkrarlayardım"... .
Bu telefon danışığından sonra Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı 28 maddəlik sülh planı layihəsi müzakirəyə çıxarılıb. Söhbət zamanı Rusiya ilə Ukrayna arasında sülh üçün "torpaq mübadiləsi"nin gündəmə gətirilib və Uitkoff bildirib ki, "sülh sazişi etmək üçün nəyin lazım olduğunu bilirəm: Donetsk və bəlkə haradasa torpaq mübadiləsi..." .
Təbii ki, Ağ Ev və Kreml rəsmilərinin telefon danışığının mətbuata sızması bunun kim tərəfdən edildiyi sualını yaradıb.
Rusiya bunu qəti şəkildə rədd edərək bildirib ki, bu sızıntı ABŞ-Rusiya diplomatik kanallarını kəsməyi, bunun arxasında üçüncü tərəflərin ola biləcəyini hədəfləyib. Uşakov bunu həm də Ukrayna sülh sazişinə dair "danışıqları əngəlləmə cəhdi" olduğunu bildirib.
Bununla belə Rusiya hesab edir ki, bəzi media qurumlarını Avropa ölkələri idarə edir və onlar qarışıq informasiya müharibəsinin parçasıdır. İddia olunur ki, bu, Vaşinqtonla Moskva arasında etimad mühitinə zərbə vurmağa hesablanıb.
Telefon danışığının Rusiyada sülh planını qəbul etməyən güclərin sızdırdığı qənaətinə gəlmək olar. Çünki Moskva ilhaq etdiyi Ukrayna ərazilərinin beynəlxalq səviyyədə torpaqları olaraq tanınmasını istəyir. Bu isə Tramp planına uyğun deyil. Ona görə də ehtimal etmək olar ki, istəkləri təmin olunmadığı üçün danışıqlar prosesini pozmaq məqsədi ilə bu addımı ata, Ukraynanı ittiham edə bilər. Çünki Rusiya Ukraynada indiki şəraitdə üstün mövqedə olduğundan şərtləri diktə edən tərəf olmaq istəyir. Bu səbəbdən onun sızıntını təşkil etməklə yaranmış vəziyyətdən çıxış yolu əldə etməsi də mümkündür.
Başqa bir tərəfdən belə danışıqların qapalı sistemdə aparıldığı sirr deyil. Onda belə qənaətə gəlmək olar ki, sistemin ABŞ, yaxud Rusiya hissəsində sızma baş verib.
Sızıntı Ağ evdən kənar ABŞ tərəfdən də baş verə bilər. Rusiyadan fərqli olaraq Ştatlarda siyasi rəqiblərin bir-birini zəiflətmək, sıradan çıxarmaq üçün belə üsullardan istifadə edildiyi yeni hadisə deyil. Məsələn, ABŞ-nin keçmiş dövlət katibi Hillari Klintonun elektron poçtunun açılması, 37-ci prezident Riçard Niksonun məlumat sızıntısına görə istefa verməsi kimi hadisələri göstərmək mümkündür.
Başqa bir tərəfdən ABŞ-də Rusiya ilə müharibənin bitməsini istəməyən, onu zəiflətmək istəyən qüvvələr, oliqarxlar yox deyil. Onlar bu danışığın sızmasında maraqlı ola bilərlər.
Ukrayna Təhlükəsizlik Xidmətinin belə bir sistemə yol tapması rəsmi Kiyevin uğuru sayıla bilər. Amma Ukraynanın Rusiya və ABŞ kimi ölkələrin rəsmilərinin telefon danışığına müdaxilə etmək qabiliyyətində olması da şübhəli görünür.
Belə olan halda telefon danışığına dair sızıntının məsuliyyəti ABŞ və Rusiyanın uyğun qurumlarının üzərində qalır. Çünki onlar belə söhbətlərin təhlükəsizliyini təmin etməyə borcludur. Belə çıxır ki, bu tip sistemlər beynəlxalq təhlükəsizliyi təhdid edə biləcək söhbətlərin yayılmamasının qarşısını ala bilmir, konfedensiallığı təmin etməkdə acizdirlər.
Uitkoff-Uşakov arasında telefon danışığının sızması təhlükəsizlik, məxfiliyin qorunmasının şərti olduğunu, bu istiqamətdə ABŞ və Rusiyada təhlükəsizlik məsələlərində müxtəlif istiqamətlərdə boşluqların mövcudluğunu göstərir. Bu informasiya vasitələrinin deyil, insan amilinin yenə üstün olduğu anlamına gəlir.
"Bloomberg" isə Rusiyanın sərt açıqlamalarına və mənbənin kim olduğu istiqamətindəki suallara cavab verməyərək görüş qeydinin necə əldə edildiyini açıqlamayıb.
Dünya siyasətini müəyyənləşdirən, sülh və müharibəyə fərmanlar verən Ağ evdən telefon söhbətinin sızması qlobal təhlükəsizlik üçün yeni təhdidlərin yarandığını göstərir. Telefon danışığının kim tərəfdən sızdırılmasından asılı olmayaraq sübuta ehtiyacı olmayan bir amil 2022-ci ildən bəri dəyişməz qalır - Ukraynada sadə vətəndaşlar böyük geosiyasi oyunların girovuna və qurbanına çevriliblər və ölmək və ya ömürlük əlil qalmaq təhlükəsi ilə hər gün qarşılaşırlar.