İnsultun fəsadları əleyhinə ultrasəs terapiyası yaradılıb

Sağlamlıq
  • 11 noyabr, 2025
  • 00:11
İnsultun fəsadları əleyhinə ultrasəs terapiyası yaradılıb

ABŞ-dən olan tədqiqatçılar insult keçirmiş beyin toxumalarında toplanmış toksik maddəni invaziv olmayan üsulla təmizləməyə imkan verən cihaz hazırlayıblar.

"Report" xəbər verir ki, bu barədə "Nature Biotechnology" elmi jurnalında dərc olunmuş məqalədə bildirilir.

Cihazın effektivliyi beyin qanaxması keçirmiş siçanlar üzərində aparılan təcrübələrdə uğurla yoxlanılıb.

"Biz ultrasəsdən istifadə etməklə patogen maddələri qeyri-invaziv şəkildə təmizləməyə imkan verən protokol hazırlamışıq. İnsultun iki modeli üzərində aparılan yoxlamalar göstərdi ki, bu cür təmizləmə heyvanların sağ qalma şansını əhəmiyyətli dərəcədə artırır və beyinin funksional bərpasını yaxşılaşdırır," - tədqiqatçılar yazırlar.

Terapiya Stenford Universitetinin dosenti Raaqa Ayranın rəhbərliyi altında amerikalı həkimlər qrupu tərəfindən hazırlanıb. Layihə insult qurbanlarının həyatını xilas etmək üçün adətən tətbiq olunan, lakin yüksək risk daşıyan cərrahi prosedurlara alternativ axtarışı çərçivəsində həyata keçirilib. Bu cür prosedurlar yalnız ağır hallarda və iri klinikalarda tətbiq edilir, nəticədə bir çox xəstənin orqanizmi insultun fəsadları ilə özü mübarizə aparmalı olur.

Bir neçə il əvvəl alimlər aşkar ediblər ki, zəif, lakin fokuslanmış ultrasəs şüaları ilə beyin toxumalarının stimullaşdırılması beyin mayesinin dövriyyəsini sürətləndirən və onu patogen hissəciklərdən təmizləyən sistemləri aktivləşdirir. Bu hissəciklər iltihabların yaranmasına və neyronların kütləvi şəkildə məhv olmasına səbəb olur. Müşahidələr alimləri insult keçirmiş siçanların beynində ultrasəsin təsirini izləməyə sövq edib.

Təcrübələr göstərir ki, hər iki siçan qrupunda beyin stimulyasiyası insultdan sonrakı ilk həftədə hematomanın həcminin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Bu, həmçinin iltihabların intensivliyinin azalması, zədələnmiş qan hüceyrələrinin təmizlənməsi və beyin mayesinin dövriyyəsində iştirak edən limfa damarlarının, eləcə də düyünlərinin aktivliyinin artması ilə müşayiət olunub.

Ultrasəs terapiyasından sonra siçanların 80–85 %-i insultdan sağ çıxıb, halbuki nəzarət qrupunda heyvanların yarısı ölüb. Həmçinin, terapiya alan siçanlar yaddaş pozuntularını daha az yaşayıb və əzalarını daha yaxşı idarə edə biliblər. Alimlər bu yanaşmanın insult keçirmiş pasiyentlərdə ölüm riskini əhəmiyyətli dərəcədə azaltmağa və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edə biləcəyini vurğulayıblar.

ÜST-ün statistikasına görə, hər il təxminən 15 milyon insan insult keçirir, onlardan 5 milyonu həyatını itirir, daha 5 milyonu isə əlil olur. Bir çox hallarda reabilitasiya kursu keçməklə bu ağır nəticələrin qarşısını almaq mümkündür. Reabilitasiya zədələnmiş beyin sahələri arasında əlaqələrin bərpasına və yeni neyron zəncirlərinin formalaşmasına yönəlir. Hazırda alimlər bu istiqamətdə aktiv şəkildə yeni metodlar üzərində çalışırlar.

Son xəbərlər

Bütün Xəbər Lenti