KİV: İsveçrə ABŞ-nin idxal tariflərini 15%-ə endirmək üçün razılığa yaxındır

Digər ölkələr
  • 10 noyabr, 2025
  • 23:44
KİV: İsveçrə ABŞ-nin idxal tariflərini 15%-ə endirmək üçün razılığa yaxındır

İsveçrə istehsal etdiyi və ABŞ-yə idxal olunan mallara gömrük rüsumlarını 39 %-dən 15 %-ə endirmək barədə razılığa gəlməyə yaxındır. Avropa İttifaqı iyul ayında oxşar razılaşma əldə edə bilib.

"Report"un məlumatına görə, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.

Sazişin yaxın iki həftə ərzində bağlanması gözlənilir. Agentliyin mənbələri heç bir nəticənin əldə olunmadığını və iyul ayında baş verən vəziyyətin təkrarlana biləcəyini vurğulayıblar. O zaman İsveçrənin yüksək vəzifəli rəsmiləri amerikalı həmkarları ilə daha əlverişli şərtlər barədə danışıqlar apardıqlarını və bunun yalnız ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqlənməsinin vacib olduğunu düşünürdülər, lakin bu, heç vaxt baş vermədi.

"Tribune de Geneve" qəzeti əvvəllər xəbər verib ki, altı isveçrəli milyarder, o cümlədən "Rolex" və "Cartier" lüks brendlərinə sahib olan şirkətlərin rəhbərləri, İsveçrə mallarına tarifləri azaltmaq ümidi ilə noyabrın 4-də Vaşinqtonda Trampla görüşüblər. İsveçrə hökumətinin nümayəndələri iştirak etməyib.

Aprelin 2-də Tramp 185 ölkə və ərazidən məhsullara tətbiq olunan tarifləri elan edib və tariflər avqustun 7-də qüvvəyə minib. Ən yüksək tariflər Suriya (41 %), Laos (40 %), Myanma (40 %), İsveçrə (39 %), İraq (35 %) və Serbiyaya (35 %) tətbiq edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti