İlin ilk yarısında icbari tibbi sığorta hesabına 30 minə yaxın doğuş icra olunub
- 29 sentyabr, 2025
- 10:38

İlin ilk yarısında icbari tibbi sığorta hesabına 30 minə yaxın doğuş icra olunub.
"Report" xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, həmin müddətdə icbari tibbi sığorta hesabına ölkə üzrə ümumilikdə 14 min 767 doğuş, 15 min 167 qeysəriyyə əməliyyatı həyata keçirilib.
Xatırladaq ki, hamilələrə göstərilən tibbi xidmətlərin mühüm bir hissəsi icbari tibbi sığorta hesabına qarşılanır. Qadınların hamiləliyin müxtəlif mərhələlərində müvafiq müayinələrdən keçməsi icbari tibbi sığorta ilə qarşılanır. Bu müayinələr çərçivəsində arterial təzyiqin ölçülməsi, nəbzin yoxlanılması, qan və sidik analizlərinin aparılması, qan qrupu, şəkər göstəriciləri, həmçinin hepatit B və C, sifilis və insan immunçatışmazlığı virusu (İİV), skrininq testi (rubella-məxmərək) və digər zəruri müayinələr sığorta hesabına həyata keçirilir.
Hamiləlik dövründə qadın məsləhətxanalarına, Ailə Sağlamlıq Mərkəzlərinə və ya digər ambulator tibb müəssisələrinə müraciət edən qadınlara USM, doppler müayinəsi, fol turşusunun təyini, dölün ürək döyüntülərinin izlənilməsi kimi xidmətlər də göstərilir.
Hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilərək hamilə qadın doğuşun təşkili üçün TƏBİB-in tabeliyindəki müvafiq dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yönləndirilir.
Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir.
Stasionar tibbi xidmət zamanı istifadə olunan dərman, tibbi sərf, qidalanma, laborator və instrumental müayinələr, diaqnostika və müalicə tədbirləri icbari tibbi sığorta ilə qarşılanır.