Nazirlik rəsmisi: Gəncə stadionunda gələcəkdə müxtəlif beynəlxalq idman tədbirləri keçiriləcək
- 29 sentyabr, 2025
- 12:07

Gəncə stadionunda gələcəkdə futbol yarışları ilə yanaşı, müxtəlif beynəlxalq idman tədbirləri də keçiriləcək.
"Report"un Qərb bürosu xəbər verir ki, bunu Prezidentin izi ilə Gəncəyə təşkil olunan mediatur çərçivəsində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elmir Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 1964-cü ildə istifadəyə verilən Gəncə Şəhər Stadionu uzun illər istismardan sonra yararsız vəziyyətə düşmüşdü:
"2023-cü ildə isə Prezident Gəncə Şəhər Stadionunun yenidən qurulması ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə qısa müddətdə həm layihələndirmə, həm də tikinti işlərinə başlanılıb.
Ötən ilin aprel ayında dövlət başçısı stadionun təməlini qoyub. Cəmi bir il beş ay ərzində inşa işləri başa çatdırılıb və stadion tam hazır vəziyyətə gətirilib.
Yeni stadion müasirliyi ilə seçilir və UEFA-nın IV kateqoriya standartlarına cavab verir. Buradakı funksionallıq, texniki imkanlar və şərait eyni anda dörd komandanın fəaliyyət göstərməsinə imkan yaradır.
Stadion UEFA tələblərinə uyğun olaraq müasir səsləndirmə, televiziya yayımı, işıqlandırma və digər texniki sistemlərlə tam təmin olunub.
Artıq stadion ilk böyük sınaqdan da çıxıb – burada MDB ölkələrinin III Oyunlarının açılış mərasimi keçirilib. Gələcəkdə isə stadion həm futbol yarışlarına, həm də digər mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək.
Bundan başqa, stadionun ümumi ərazisi genişləndirilib, azarkeşlərin və idmançıların təhlükəsiz giriş-çıxışı üçün bütün şərait yaradılıb. Stadionun ətrafında yerləşən prospektlərdə isə geniş abadlıq işləri görülüb".