Noyabrda Daşkənddə TDT-yə üzv ölkələrin beynəlxalq forumunun keçirilməsi planlaşdırılır
- 29 sentyabr, 2025
- 12:10

Özbəkistan Türk Dövlətləri Təşkilatı (TDT) daxilində iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarıdır.
"Report" xəbər verir ki, bunu Özbəkistan Prezidenti yanında Strateji və Regional Tədqiqatlar İnstitutunun direktor müavini Şafoat Nurullayeva Bakıda keçirilən "İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatı, ticarət və nəqliyyata verdiyi töhfələr" adlı panel müzakirədə çıxışı zamanı deyib.
Direktor müavini Özbəkistan Prezidenti Şavkat Mirzizoyevin TDT-yə üzv ölkələr arasında ticarətin genişləndirilməsi ilə bağlı irəli sürdüyü təkliflərə toxunub:
"Bu mexanizmlər üzv ölkələr arasında ticarət mübadiləsinin genişləndiilməsi üçün vacib rol oynaya bilər".
Ş.Nurullayeva türk dövlətlərinin öz coğrafi üstünlüklərindən aktiv şəkildə faydalanmalı olduğunu da söyləyib:
"Bundan əlavə, TDT üzvlərinin müxtəlif iqtisadi birliklərdə təmsil olunması üçüncü ölkələrin iqtisadi bazarına çıxış imkanı açır".
Özbəkistanlı nümayəndə sonda ölkəsinin cari ilin noyabrında Daşkənddə TDT-yə üzv ölkələrin beynəlxalq forumunu keçirmək niyyətində olduğunu vurğulayıb.