Ferqus Auld: Azərbaycan iki il ərzində iqlim gündəliyində böyük yol qət edib
- 29 sentyabr, 2025
- 12:12

Azərbaycan iki il ərzində iqlim gündəliyində böyük yol qət edib.
"Report"un məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) bildirib.
"Azərbaycanın son iki ildə hansı yolu keçdiyini düşünürəm. İki il əvvəl COP29-un Bakıda keçiriləcəyi hələ elan edilməmişdi. Bir il əvvəl Bakıda ilk İqlim Fəaliyyəti Həftəsi keçirildi. Düşünürəm ki, belə tədbirlər müzakirələrin genişlənməsinə və dərinləşməsinə töhfə verir", - diplomat deyib.
Onun sözlərinə görə, Bakıda uzun müddətdir iqlim gündəliyinə cəlb olunmuş bir çox iştirakçı - hökumət orqanlarının nümayəndələri, alimlər, "yaşıl iqtisadiyyat" ekspertləri toplaşıb.
F.Auld vurğulayıb ki, COP29-un və İqlim Fəaliyyəti Həftəsi kimi təşəbbüslərin keçirilməsi sayəsində iqlim müzakirəsi xeyli genişlənib və getdikcə daha çox iştirakçını əhatə edir.