Gəray Gəraybəyli psixiatriya sahəsindəki problemlərin həlli yollarından danışıb
- 09 oktyabr, 2025
- 14:44

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli psixiatriya sahəsindəki problemlərin həlli yollarından danışıb.
"Report"un məlumatına görə, G.Gəraybəyli "Psixi sağlamlıq və insan hüquqları" sahəsində İşçi Qrupunun ilk iclasında çıxışı zamanı bildirib ki, problemlər yalnız psixiatrların gücü ilə aradan qalxa bilməz.
"Elə bir kliniki istiqamət yoxdur ki, onun nəticələri və problemləri bu qədər bilavasitə cəmiyyətə təsir göstərsin. Psixi sağlamlıq həm cəmiyyətin vəziyyətindən asılıdır, həm də cəmiyyətin münasibəti psixi sağlamlığa təsir edir. Ona görə də digər tibbi sahələrin problemlərini mütəxəssislər özləri həll edə bildiyi halda, psixiatriyanın problemləri yalnız psixiatrların gücü ilə aradan qalxa bilməz. Burada mütləq cəmiyyətin rolu, ictimai münasibətin dəstəyi vacibdir. Üstəlik, burada söhbət yalnız psixi xəstələrin hüquqlarından getmir. Biz bütün cəmiyyətin, xüsusən də sağlamlığın psixoloji tərəflərinə diqqət yetirməliyik".