Azərbaycanda zoonoz xəstəliklərə qarşı peyvəndləməyə minə yaxın baytar cəlb olunub
- 18 noyabr, 2025
- 11:22
Azərbaycanda heyvanlar arasında yayılan yoluxucu və zoonoz xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinə 970-dən çox fərdi baytar cəlb edilib.
"Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən təlim-forumda bildirib.
Onun sözlərinə görə, ölkə üzrə epizootik sabitliyin təmin edilməsi məqsədilə peyvəndləmə tədbirlərini fərdi baytarlar həkim xidməti müqavilələri əsasında icra edirlər:
"Heyvanlar arasında yayılan yoluxucu və zoonoz xəstəliklərə qarşı mütəmadi monitorinqlər aparılır, diaqnostika və peyvəndləmə tədbirləri "Epizootiya əleyhinə tədbirlər planı"na uyğun olaraq həyata keçirilir. Heyvan sağlamlığı təkcə kənd təsərrüfatının deyil, ümumi ictimai sağlamlığın da ayrılmaz hissəsidir. Bu sahədə yalnız peşəkarların deyil, fermerlərin və ümumilikdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür."
Agentlik sədri əlavə edib ki, aqrar sahədə bilik və bacarıqların artırılması, innovativ yanaşmaların təşviqi və müasir texnologiyaların tətbiqi istiqamətində ardıcıl addımlar atılır:
"Bu məqsədlə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi mütəmadi olaraq mütəxəssislər, baytar həkimləri və fermerlər üçün təlimlər keçirir. 2025-ci ilin ilk doqquz ayında Mərkəz ümumilikdə 6816 fermerə təlim keçib, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur".