Tbilisi Məhkəməsi dövlət obyektlərini ələ keçirməyə cəhd ittihamı ilə bir neçə nəfəri həbs edib
- 08 oktyabr, 2025
- 18:28

Gürcüstanın paytaxtında bir neçə nəfər qrup halında zorakılıqda iştirak və strateji obyektləri ələ keçirməyə cəhd ittihamı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
"Report"un yerli bürosu xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə Davit Sturua, Abo Naveriani, Eva Şaşiaşvili və Tornike Mçedlişvili barəsində qabaqlayıcı həbs cəzası təyin edilib.
Prokurorluq təqsirləndirilən şəxslərin azadlıqda qalmasının istintaqa mane ola biləcəyini əsas gətirərək həbs qətimkan tədbiri seçilməsini tələb edib. Müdafiə tərəfi isə onların 6 000 lari girov qarşılığında azadlığa buraxılmasını istəsə də, hakim bu vəsatəti təmin etməyib.
Müdafiəçilər həmçinin hakimin işdən uzaqlaşdırılması barədə vəsatət qaldırıblar, lakin məhkəmə bu tələbi də əsassız hesab edib.
Müttəhimlərdən biri Tornike Mçedlişvili ifadəsində bildirib ki, onun məqsədi zorakılıq törətmək deyil, insanlara – həm fəallara, həm də polis əməkdaşlarına kömək etmək olub.
Lakin prokuror Tamar Bejuaşvili qeyd edib ki, Mçedlişvili hüquq-mühafizə əməkdaşlarına qarşı zor tətbiq edib və bu, istintaq materiallarında sübut olunub:
"Video materiallarda onun hüquq-mühafizə əməkdaşına sərt şəkildə zərbə endirdiyi açıq görünür," – prokuror deyib.
Təqsirləndirilən şəxslər ittihamları qəbul etmirlər.
Dekabrın 6-da eyni maddələrlə daha 13 nəfər saxlanılıb və onların da məhkəmə iclası gün ərzində Tbilisi Şəhər Məhkəməsində keçiriləcək. İttihamlar 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.