Venesuela öz hava məkanı üzərində tam suverenliyə malik olduğunu bəyan edib
- 04 dekabr, 2025
- 04:43
Venesuela öz hava məkanına və ərazisinə tam suveren nəzarəti təmin edir.
"Report"un "Venezolana de Televisión"a istinadən verdiyi məlumata görə, bunu Venesuelanın xarici işlər naziri İvan Xil Pinto ABŞ və Meksikadan vətənə qayıdan venesuelalı miqrantlarla Mayketiya aeroportunda görüş zamanı bildirib.
Xil Pinto vurğulayıb ki, xalqı və Venesuela hökumətini öz ərazisi üzərindəki suverenlikdən məhrum edə biləcək heç bir qüvvə yoxdur və bu suverenliyi beynəlxalq hüquq təmin edir.
Nazirin sözlərinə görə, prezident Nikolas Maduro Milli Mülki Aviasiya İnstitutuna ABŞ-nin "Eastern Airlines" şirkətinə məxsus, 304 miqrantı ABŞ-dən gətirən təyyarənin ölkənin hava məkanına daxil olmasına icazə verib. O qeyd edib ki, öz hava məkanına nəzarəti həyata keçirən respublika dünyaya bir daha "konstitusiya yolu ilə seçilmiş prezident Nikolas Maduronun hökumətinin gücünü" nümayiş etdirir. Nazir əlavə edib ki, ABŞ, Venesuela, Kolumbiya və Panamaya məxsus aviaşirkətlər uçuşlarını adi rejimdə davam etdirir.
Çərşənbə günü "Vətənə Qayıdış" proqramı çərçivəsində ABŞ və Meksikadan repatriantlar Karakasa gəliblər. 2025-ci ilin əvvəlindən 94 aviareyslə 18 374 miqrant Venesuelaya geri dönüb.