Simonyan erməni bloqerlərdən hüquq-mühafizə orqanlarına şikayət edib
- 13 noyabr, 2025
- 10:08
Ermənistan parlamentinin sədri Alen Simonyan hüquq-mühafizə orqanlarına bloqerlər Narek Samsonyan və Vazgen Saqatelyan barədə şikayət edib.
"Report"un Ermənistan KİV-inə istinadən məlumatına görə, bunu spikerin mətbuat katibi Movses Arutyunyan bildirib.
Onun sözlərinə görə, Alen Simonyan N.Samsonyan və V.Saqatelyanın aparıcı olduqları "İmnemnimi" podkastının efirində səslənən təhqirlərə və hədələrə hüquqi qiymət verilməsini tələb edir.
Xatırladaq ki, bu günlərdə podkastın qonağı Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan olub. Alen Simonyan müsahibəyə sosial şəbəkələrdə kəskin reaksiya verib. Cavabında aparıcılar spikeri "heyvan" adlandıraraq təhqir edib və onun anasına qarşı nalayiq ifadələr işlədib, həmçinin hədə kimi qiymətləndirilən fikirlər səsləndiriblər.
Bu ilin avqustunda Simonyan artıq Vazgen Saqatelyana qarşı məhkəmə iddiası qaldırmışdı. O, şərəf və ləyaqətin təhqir edilməsinə görə dəymiş ziyanın ödənilməsini tələb etmişdi.