Nazir: "Gələn il damazlıq heyvanların güzəştlə satılması üçün 17,3 milyon manat nəzərdə tutulub"
- 13 noyabr, 2025
- 12:40
2026-cı ilin dövlət büdcəsində ölkə daxilindən və xaricdən alınan damazlıq heyvanların güzəştlə satılması üçün 17,3 milyon manat nəzərdə tutulub.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda qara malın cins tərkibinin yaxşılaşdırılması yolu ilə məhsuldarlığın yüksəldilməsi, yarımintensiv və intensiv saxlama metodlarının genişləndirilməsi, heyvandarlığın inkişafının əsas yollarıdır: "Bu istiqamətlə yüksək məhsuldar qara mal idxal edilərək kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilməsi və süni mayalama yolu ilə mövcud olan heyvanların genetik potensialının yaxşılaşdırılması kimi genişmiqyaslı tədbirlər həyata keçirilir. Proqnoz layihəsində ölkə daxilindən və xaricdən alınan damazlıq heyvanların güzəştlə satılması üçün 17,3 milyon manat nəzərdə tutulub. Bu da cari illə müqayisədə 1,1 milyon manat və ya 6,8 % çoxdur".