Kobaxidze: Aİ bürokratiyasına bir daha deyirik – gəlin, oturaq və danışaq
- 04 sentyabr, 2025
- 13:34

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqını (Aİ) açıq dialoqa çağırıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, o, Brüsselin Tbilisi ilə masa arxasında müzakirələrdən yayınmasını arqument çatışmazlığı ilə əlaqələndirib.
"Aİ bürokratiyasına bir daha deyirik: gəlin, oturaq və danışaq. Normal müzakirəyə nə mane olur? Əslində, heç nə. Masa arxasında oturmaqdan imtina etmələri onların arqumentlərinin olmadığını göstərir", – Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Baş nazirin sözlərinə görə, Brüsselin yanaşması şantaj xarakteri daşıyır: "Onlar bizdən tələb edirlər ki, qanunvericilikdən həm eynicinsli nikahı və tərəfdaşlığı qadağan edən müddəaları, həm də cinsin dəyişdirilməsinə dair məhdudiyyətləri çıxaraq. Mən söz verirəm ki, Gürcüstanda heç kim gedib mülki reyestrdə öz cinsini dəyişdirə bilməyəcək. Bu, Avropanın tələbləri sırasındadır və açıq-aşkar absurd bir mövqedir".
Kobaxidze əlavə edib ki, oxşar səbəblərə görə Macarıstana da Aİ maliyyə dəstəyi dayandırılıb: "Macarıstan bu məsələdə mövqeyini qorudu və buna görə maliyyələşmədən məhrum edildi. Bu, Avropadakı "dərin dövlət"in və onun idarə etdiyi bürokratiyanın real üzüdür".
Baş nazir Gürcüstan hökumətinin də milli maraqları sonadək müdafiə edəcəyini vurğulayıb.