Adil Şükürov: "Kəpəz"in ilk üç turda uduzması ilk növbədə məni narahat edir"
- 04 sentyabr, 2025
- 15:32

"Kəpəz" komandasının ilk üç turda məğlub olması baş məşqçi Adil Şükürovu çox narahat edir.
Mütəxəssis bu barədə "Report"a açıqlama verib.
O, Gəncə təmsilçisində baş tutan iclasla bağlı danışıb:
"Komandanın ilk üç turda məğlub olması ilk növbədə məni narahat edir. Gözləntilərimiz tam fərqli idi. Komanda ilə məşqlərə başlayanda fikirləşirdik ki, cəlb olunacaq futbolçuların minimum 70-80 faizi ilə başlayacağıq. Amma çox təəssüf ki, transferlərdə də gecikmələr olduğu üçün məşqlərə tam istədiyimiz kimi başlaya bilmədik. Bu məsələlərdən hər kəs məlumatlı idi".
Mütəxəssis klub rəhbərliyinin indiki dönəmdə onlara inandığını vurğulayıb:
"İndiki dönəmdə klub rəhbərliyi yenə də bizə inandığını və növbəti üç turda mümkün qədər çox xal toplamağı qarşımıza hədəf qoyub. Təbii ki, bu, elə də rahat olmayacaq. Qarşıda bizi "Araz-Naxçıvan", "Qəbələ" və "Turan-Tovuz"a qarşı oyunlar gözləyir. Bizə ilk olaraq çalışıb komandanı formalaşdırmaq lazımdır. Çünki çempionat üç oyundan ibarət deyil, uzun bir marafondur".
Qeyd edək ki, Misli Premyer Liqasında 3 turdan sonra "Kəpəz"in hesabında xal yoxdur.