Gürcüstan və Türkiyə gənclər siyasəti üzrə əməkdaşlıq memorandumu imzalayıb
- 04 sentyabr, 2025
- 15:38

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi ilə Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, sənədin əsas məqsədi gənclər siyasəti sahəsində tərəfdaşlığın gücləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsidir.
Gürcüstan Təhsil Nazirliyinin məlumatına görə, memorandumu Gürcüstanın təhsil naziri Givi Mikanadze və Türkiyənin gənclik və idman naziri Osman Aşkın Bak imzalayıblar.
Nazir Givi Mikanadzenin sözlərinə görə, yeni saziş Gürcüstan və Türkiyə arasında uzunmüddətli əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm addımdır: "Bu əməkdaşlıq strukturlaşdırılmış dialoq, birgə təşəbbüslər və strateji planlaşdırma vasitəsilə tərəfdaşlığımızın inkişafına xidmət edəcək".
Türkiyənin gənclik və idman naziri Osman Aşkın Bak isə iki ölkə arasında uğurlu əməkdaşlığa diqqət çəkərək gənclər sahəsində yeni birgə proqramların həyata keçirilməsinə hazır olduqlarını vurğulayıb.
Qeyd edilib ki, memorandumun əsas istiqamətlərinə gənclər üçün ortaq layihələrin təşkili daxildir. Bunlara gənclər düşərgələri, forumlar, konfranslar, seminarlar, tədris səfərləri və digər mühüm fəaliyyətlər aiddir.