KİV: Azərbaycandakı mina təhlükəsini görməzdən gəlmək yolverilməzdir
- 01 oktyabr, 2025
- 14:26

Cənubi Qafqazda mina böhranını görməzdən gəlmək və onu keçmişin problemi hesab etmək beynəlxalq ictimaiyyət üçün yolverilməzdir.
"Report" xəbər verir ki, bunu politoloq Maksimillian Van Lanqe "Commonspace" nəşrində dərc olunmuş məqaləsində yazır.
O vurğulayıb ki, Bakı-İrəvan münasibətlərində davamlı sülhün əldə edilməsi mümkünlüyünə dəlalət edən irəliləyiş olsa da, minalar və partlamamış döyüş sursatları region üçün təhlükə yaratmağa davam edir və tərəflər arasında mübahisəli məsələ olaraq qalır.
Van Lanqenin sözlərinə görə, Cənubi Qafqaz bölgəsi ümumilikdə mina təhlükəsinə qarşı həssasdır, lakin bundan ən çox zərər çəkən Azərbaycandır.
"Minalardan ən çox Azərbaycan zərər çəkir, burada ölkə ərazisinin 13 %-dən çoxu (təxminən 11 667 km²), əsasən də Qarabağ və Şərqi Zəngəzur bölgələri hələ də minalarla çirklənmiş vəziyyətdədir. 2020-ci ildən bəri bu bölgədə 399 nəfər minaların qurbanı olub və ya yaralanıb, son 30 il ərzində dolayı və birbaşa qurbanların ümumi sayı isə 3 min 400 nəfəri ötüb. Minatəmizləmə işlərinin həyata keçirilməsinə - 200 min hektardan çox ərazinin təmizlənməsinə və təxminən 120 min mina və partlayıcı qurğunun zərərsizləşdirilməsinə baxmayaraq, daha çox ərazi hələ də əlçatmaz olaraq qalır. Bu, 800 minə yaxın köçkünün geri qayıtmasını ləngidir və regionun iqtisadi potensialını zəiflədir", - o qeyd edib.
Politoloq deyib ki, Dünya Bankının hesablamalarına görə, minalarla çirklənmə regionun ildə 500 milyon dollardan çox iqtisadi itkilərlə üzləşməsinə səbəb olur.
Məqalə müəllifi mina probleminin həlli və Azərbaycanla Ermənistan arasında sülh prosesinin sürətləndirilməsinə kömək üçün "minasız zonalar"ın yaradılmasını təklif edib: "Qarşılıqlı monitorinq tərəflər arasında etimadın gücləndirilməsində mühüm tədbir ola bilər".