Anar Quliyev: "Artıq "yaşıl tikinti"dən danışmalıyıq"

İnfrastruktur
  • 01 oktyabr, 2025
  • 16:14
Anar Quliyev: Artıq yaşıl tikintidən danışmalıyıq

Baş plan təməl sənəddir, onun əsasında müvafiq məsələlər həllini tapır.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, üç növ planlaşdırma sənədi (ümumi plan, baş plan və müfəssəl plan) mövcuddur: "Baş plan ortada duran sənəddir və əsasən yol xəritəsi rolunu oynayır. Yəni şəhəri, yaşayış məntəqəsini zonalaşdıraraq əsas istiqamətləri müəyyən edir. Baş plan əsasında müfəssəl planlar işlənilir. Komitə olaraq işimiz həm də tikinti sektorunu tənzimləyən normativ bazanı təkmilləşdirməkdir. Ona görə təkcə baş plan bütün problemlərimizi həll etmir. Amma baş plan təməl sənəddir ki, onun əsasında müvafiq məsələlər həllini tapır".

Sədr qeyd edib ki, Azərbaycan həm tarixi, mədəni və memarlıq irsini qorumalı, həm də müasir iqtisadiyyat haqqında düşünməlidir: "Artıq neft sənayesi əsaslı iqtisadiyyatdan digər sahələr üzərində qurulan iqtisadiyyata keçməliyik. Biz həmçinin ətraf mühitimizi qorumalıyıq, Xəzər dənizini təmiz saxlamalıyıq. Tikinti də bu geniş proqramın içərisində çox vacib amildir. Biz "yaşıl tikinti"dən danışmalıyıq və artıq danışırıq. Bəzi beynəlxalq maliyyə təşkilatları ilə bu sahədə bir yol xəritəsi hazırlanıb".

Son xəbərlər

Bütün Xəbər Lenti