XİN rəsmisi: Azərbaycanın dayanıqlı şəhər təşəbbüsünə 60-dan çox ölkə qoşulub

COP29
  • 01 oktyabr, 2025
  • 16:05
XİN rəsmisi: Azərbaycanın dayanıqlı şəhər təşəbbüsünə 60-dan çox ölkə qoşulub

Azərbaycanın dayanıqlı şəhər təşəbbüsünə 60-dan çox ölkə qoşulub.

"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi (XİN) İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə bildirib.

O qeyd edib ki, "Çoxsektorlu Fəaliyyətlər, Dayanıqlı və Sağlam Şəhərlərə Aparan Yollar" təşəbbüsü COP29 Sədrliyinin uğurlu təşəbbüslərindən biri olub. Bu günə qədər 200-dən çox tərəfdaş, o cümlədən təxminən 60 ölkə və 100-dən çox şəhər bu təşəbbüsə qoşulub və dəstəkləyib:

"Bu təşəbbüs qlobal səviyyədə çox mühüm məsələlərə toxunulub.Onun yeniliyi ondan ibarətdir ki, əvvəlki qlobal təşəbbüslərdə nəzərə alınmamış sahələri əhatə edib. İlk növbədə şəhər və sağlamlıq mövzusu, sağlam şəhərlər məsələsi, digər tərəfdən isə iqlim-şəhər maliyyəsinin gücləndirilməsi məsələsi – bu da son dərəcə vacibdir. Bundan başqa, qlobal səviyyədə koordinasiyanın yeni elementləri də əlavə olunub".

İdarə rəisi bildirib ki, burada yalnız məbləğ deyil, həm də keyfiyyət amili çox vacibdir:

"Şəhər iqlim maliyyəsində keyfiyyət də kəmiyyət qədər əhəmiyyətlidir. Bəzən qlobal səviyyədə müxtəlif beynəlxalq təşkilatlar və aktorlar arasında təşəbbüslərin təkrarlanması və rəqabət halları müşahidə olunur. Buna görə biz yalnız qlobal deyil, həm də regional səviyyədə koordinasiyanı gücləndirməyə çalışırıq".

E.Məmmədov qeyd edib ki, Azərbaycan azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl şəhər" layihələri üzrə çox mühüm təşəbbüslər həyata keçirir:

"Məsələn, Bakıda "Ağ Şəhər" layihəsi çirklənmiş ərazinin yaşıl şəhərə çevrilməsinin uğurlu nümunələrindən biridir".

Son xəbərlər

Bütün Xəbər Lenti