İsrailin saxladığı üç türkiyəli deputat Azərbaycana gətirilir -YENİLƏNİB
- 09 oktyabr, 2025
- 14:23

İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Flotilyasında saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçel bildirib.
Qeyd olunub ki, digər türk vətəndaşlarının gətirilməsi üçün işlər davam etdirilir.
İsrailin saxladığı "Azadlıq donanması"na aid gəmilərdəki Türkiyənin üç deputatı oktyabrın 9-da vətənə qayıdacaq.
"Report" xəbər verir ki, məlumatı "CNN Turk" yayıb.
Məlumata görə, üç deputat oktyabrın 8-də İsrailin Aşdod limanından Təl-Əvindəki Ben Qurion Hava Limanına gətiriliblər. Türkiyənin 18 vətəndaşı Ketziotdakı saxlanma mərkəzinə aparılıb. Onlar Türkiyənin Təl-Əvivdəki konsulluğunu nümayəndələri ilə oktyabrın 9-da görüşəcək.
Bildirilib ki, Türkiyə vətəndaşlarının ölkəyə dönmələri üçün lazımi tədbirlər görülüb, xüsusi təyyarə reysi təşkil edilib.
Qeyd edək ki, Səadət Partiyasının deputatları Necmettin Çalışkan, Mehmet Atmaca və Sema Silkin Ün "Azadlıq donanması"nda saxlanılanlar arasında olub.