Gürcüstan XİN: Brüssel vizanı dayandırsa, məsuliyyət onların üzərinə düşəcək
- 14 noyabr, 2025
- 00:52
Əgər Brüssel vizanı dayandırmaq qərarı versə, bunun məsuliyyəti onların üzərində olacaq.
"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqı ilə viza liberallaşdırılmasının mümkün dayandırılması ətrafında gedən müzakirələrə münasibət bildirərkən deyib.
Nazir "Imedi LIVE" proqramında çıxışında Brüsselin belə addım atacağı təqdirdə, bunun birbaşa Avropa tərəfinin siyasi qərarı olacağını deyib.
Boçorişvilinin sözlərinə görə, Gürcüstan xalqını demokratiyaya və etdiyi siyasi seçiminə görə cəzalandırmaq məqsədilə verilə biləcək belə qərarın bütün məsuliyyəti Brüsselin üzərində olacaq:
"Əgər Brüssel gürcü xalqını demokratiyaya görə cəzalandırmaq üçün bu çətin qərarı qəbul etsə, bu, tamamilə Brüsselin məsuliyyəti olacaq. Ümid edirəm ki, bu yanaşma üstünlük təşkil etməyəcək".
Nazir əlavə edib ki, Avropa ilə inteqrasiya illərdir Gürcüstanın münasibətlərində siyasi alətə çevrilib.
Onun sözlərinə görə, oxşar proses namizəd statusu məsələsində də baş verib:
"Seçkilər bitdi, başqa seçki də bitdi. Hazırda seçkilər gözlənilmir. Belə olan halda bu alətdən istifadə edib, ictimai əhval-ruhiyyəni dəyişmək və ya inqilab yaratmaq cəhdinin nə mənası var?"
M.Boçorişvili həmçinin Ukrayna və Moldovanın Gürcüstanı Avropa inteqrasiyası baxımından geridə qoyduğu fikirləri təkzib edib:
"Bu iddialar doğru deyil. Gürcüstan inkişaf göstəricilərinə görə Ukrayna və Moldovanı xeyli qabaqlayır. Lakin Gürcüstanın "geri qalmış ölkə" kimi təqdim olunması uzun müddətdir, bəzi dairələr tərəfindən yaradılan süni obrazdır".
Nazir bildirib ki, Gürcüstan uzun müddət Assosiasiya Razılaşması çərçivəsində lider tərəfdaş sayılıb, lakin sonra ölkə haqqında mənfi kampaniyalar aparılmağa başlanılıb.