"Gürcü Arzusu" BBC-ni beynəlxalq məhkəməyə verir
- 01 dekabr, 2025
- 14:07
"Gürcü Arzusu" partiyası beynəlxalq məhkəmələrdə "BBC" telekanalına qarşı hüquqi mübahisəyə başlamaq qərarına gəlib.
"Report"un Gürcüstan bürosunun məlumatına görə, bununla bağlı partiyanın bəyanatında qeyd olunur ki, məqsəd yalan məlumatlar yayan media orqanlarını məsuliyyətə cəlb etməkdir.
"BBC bu gün səhər yayımladığı məqalədə Gürcüstan hökumətinə qarşı absurd və sübutsuz ittihamlar irəli sürüb, o cümlədən, Daxili İşlər Nazirliyinin mitinqlər zamanı kimyəvi maddələrdən istifadə etməsi ilə bağlı iddialar yer alıb", - bəyanatda vurğulanıb.
Qeyd olunub ki, məqalədəki ittihamlar əsasən konkret şəxslərin və qanunsuz mitinqlərin iştirakçılarının hekayələrinə əsaslanır və hökumətin cavabları dərc olunmayıb.
"Gürcü Arzusu"nun kommunikasiya xidməti bildirib ki, BBC-yə əvvəlcədən bütün suallar üzrə cavablar təqdim olunub, lakin bu cavablar məqalədə işıqlandırılmayıb. Partiya BBC-ni qondarma "jurnalist araşdırması" adı altında dövlətçiliyi ləkələməkdə ittiham edir və yalan yaydığı üçün bütün mümkün hüquqi vasitələrdən istifadə ediləcəyini bildirir.