Ermənistanda parlament seçkilərinin keçirilməsi qaydaları dəyişdirilə bilər

Region
  • 03 dekabr, 2025
  • 16:06
Ermənistanda parlament seçkilərinin keçirilməsi qaydaları dəyişdirilə bilər

Ermənistanın yeni konstitusiyasında Baş nazirə etimadsızlıq göstərilməsi və ya onun istefasının uzunmüddətli proseduru olmadan parlamentin özünü buraxması imkanının nəzərdə tutulması planlaşdırılır.

"Report" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Srbui Qalyan jurnalistlərə bildirib.

S.Qalyanın sözlərinə görə, yeni Konstitusiya deputatların müəyyən hissəsinin təşəbbüsü ilə və müəyyən sayda səs olduğu təqdirdə özünüburaxma mexanizmini nəzərdə tutacaq.

Sənəddə, həmçinin qalib gələn partiyanın parlament çoxluğunu formalaşdıra bilmədiyi halda, təkrar seçkilərin keçirilməsi haqqında müddəanın təsbit edilməsi planlaşdırılır.

Xüsusilə, əgər seçkilərdə qalib gələn partiya siyasi çoxluğu müstəqil şəkildə və ya koalisiya ilə formalaşdıra bilməzsə, o zaman bütün siyasi qüvvələrin iştirakı ilə yeni seçkilər təyin ediləcək. Nazirin sözlərinə görə, əgər təkrar seçkilərdən sonra da çoxluq yenidən formalaşdırılmazsa, yalnız bu halda mövcud qanunvericiliklə nəzərdə tutulmuş ikinci tur keçiriləcək.

Nazir parlamentin komissiyalarının səlahiyyətlərinin genişləndirilməsi məsələsinin nəzərdən keçirildiyini bildirib. Xüsusilə, onlara icra orqanlarına vəzifəli şəxslərin təyin edilməsi zamanı məsləhət rəyi vermək hüququ verilə bilər.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə Konstitusiya referendumu 2026-cı il parlament seçkilərindən sonra baş tutacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti