Rahid Əmirquliyev: "Özümü klub prezidenti yox, futbolçu kimi hiss edirəm" - MÜSAHİBƏ
- 03 dekabr, 2025
- 16:51
"Şahdağ Qusar"ın prezidenti, Azərbaycan millisinin və "Qarabağ" klubunun sabiq futbolçusu Rahid Əmirquliyev "Report"un suallarını cavablandırıb. 36 yaşlı funksioner bölgə təmsilçisinin hədəflərindən, Misli Premyer Liqasından və "Qarabağ"ın UEFA Çempionlar Liqasında pley-off şanslarından söz açıb.
- Komandanız Azərbaycan Kubokunun 1/8 finalında "Turan-Tovuz"a məğlub oldu. Matçla bağlı təəssüratlarınız necədir?
- Rəqibimizin güclü kollektiv olduğunu bilirdik. Premyer Liqa təmsilçisinin avrokubok hədəfi var. Bizim üçün ağır matç olacağının fərqində idik. Bu qarşılaşma heyətimizdəki cavan futbolçular üçün təcrübə idi. Görüşə də yaxşı hazırlaşmışdıq. Oyunçularımız pis çıxış etmədilər. "Turan Tovuz"a uduzmağımız normaldır. Onlar aşkar favorit idilər. Buna baxmayaraq, yaxşı oyun sərgilədik və mübarizə apardıq.
- "Şahdağ Qusar" rəqibə müqavimət göstərdi. Son dəqiqələrdə bərabərlik qolunu da vura bilərdiniz. Sizcə, sensasiya üçün nə çatmadı?
- Bir daha fikirlərimi təkrarlayıram. Futbolçularımız çox yaxşı oynadılar. Yaxşı mübarizə apardılar. Rəqibdən də çəkinmədilər. "Turan Tovuz"un qol şansları çox idi. Amma son dəqiqələrdə fərqlənə bilərdik. Dəqiqlik çatmadı. Hesab oyuna görə oldu. Sonuncu dəqiqələrdəki fürsətdən yararlana bilsəydik, çox şey dəyişə bilərdi. Bu da təcrübəsizliklə bağlıdır. Gənc heyətimiz var. Premyer Liqa təcrübəsi olmayan oyunçularımız çoxluq təşkil edir. Ona görə bunlar normal haldır.
- Komandanız I Liqada 10 xalla yeddinci pillədə qərarlaşıb. Hədəf bu mövsüm çempionatda qalmaqdır?
- Bizim klubda bir az çətinliklər olmuşdu. Komanda gec yığılmışdı. Buna baxmayaraq, heyəti qura bilmişik. Futbolçular oyundan-oyuna artırırlar. Pis oyun nümayiş etdirmirlər. 10 xal toplamışıq. Hər matça qələbə üçün çıxırıq. Ancaq indiki vəziyyət onu göstərir ki, çempionluqdan bir az uzağıq. Əlimizdən gələni edəcəyik ki, bu mövsüm I Liqada qalaq və mövsümü bacardığımız qədər üst pillələrdə başa vuraq.
- Həm klubun prezidentisiniz, həm də futbolçu kimi meydana çıxırsınız? Bu, necə hissdir?
- Prezident olmamışdan əvvəl qərar vermişdim ki, bu il də futbolçu kimi çıxış etmək istəyirəm. Klub prezidenti olmağım təsadüf oldu. Klubda bir az problemlər yarandı. Bu vəzifəyə keçəndə də zədəli idim. Futbolçu kimi davam etmək istəyirəm. Özümü klub prezidenti yox, futbolçu kimi hiss edirəm. Hələ də oynamaq və komandaya kömək etmək istəyirəm.
- Futbolçu karyeranızda II Liqa, I Liqa və Premyer Liqada oynamısınız. Karyeranızı nə vaxt bitirməyi düşünürsünüz?
- Hər üç liqada da çıxış etmişəm. Bu mövsüm I Liqada komandaya dəstək olmaq niyyətində idim. Əlimdən gələni də edəcəyəm. Çempionat bitəndə peşəkar karyeramı başa vuracağam. İlin sonuna çox var. Amma düşünürəm ki, bu mövsümdən sonra peşəkar karyeramı bitirəcəyəm. Əslində hər şey ola bilər, fikrimi dəyişə də bilərəm (gülür). Ancaq gedişat onu göstərir ki, bu, futbolçu kimi sonuncu mövsümüm olacaq.
- I Liqada çıxış etsəniz də, yəqin ki, Misli Premyer Liqasını izləyirsiniz. Çempionatın səviyyəsi artıb?
- Çempionat oyunlarına baxıram. Bacardığım qədər bütün matçları izləməyə çalışıram. Premyer Liqada klub sayı bir az da artsaydı, daha yaxşı olardı. Çempionatın səviyyəsi o qədər də aşağı deyil. Qızıl medallara iddialı 3-4 klub var. Aşkar favorit "Qarabağ"dır. Ancaq digərləri də pis çıxış etmirlər. Düşünürəm ki, komanda sayı çox olsaydı, daha yaxşı olardı.
- Legioner limitinin ləğvindən sonra əksər azərbaycanlı oyunçular forma şansı əldə edə bilmirlər. Sizcə, limit tətbiq edilməlidir?
- Limitin ləğvindən sonra meydanda olan azərbaycanlı futbolçular azdır. Bu da birbaşa millinin oyununa təsir edir. Çempionatda oyun praktikası olmayanların yığmada yaxşı oyun göstərmələri çətindir. Bu, mənim fikrimdir. Düşünürəm ki, limit ləğv edilməməliydi.
- Sabiq komandanız "Qarabağ"ın UEFA Çempionlar Liqasında pley-offa vəsiqə qazanmaq şansı var. Sizcə, ölkə çempionu buna nail ola biləcək?
- "Qarabağ"ın bütün oyunlarını izləyirəm. Yerli turnirlərdəki və Çempionlar Liqasındakı matçlarına baxıram. Çox yaxşı mübarizə aparırlar. Ölkəmizi layiqincə təmsil edirlər. "Qarabağ" Azərbaycan futbolunu zirvələrdə saxlayır. Komandanın ağır oyunları qalıb. Ancaq düşünürəm ki, bu mövsüm pley-offa vəsiqə qazanacaqlar. Məncə, növbəti üç matçda lazım olan xalları qazanacaqlar. Onlara uğurlar arzulayıram.