Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır
- 18 sentyabr, 2025
- 13:35

Ermənistanda müxalifət qüvvələrinin təşəbbüsü ilə sosioloji araşdırma aparılıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri bildirib.
Məqsəd növbəti bazar günü parlament seçkiləri keçiriləcəyi halda ölkə vətəndaşlarının kimə səs verəcəyini müəyyən etmək olub.
Araşdırmanın nəticələrinə əsasən, Baş nazir Nikol Paşinyanın reytinqi 12 % təşkil edir.
25-30 avqust tarixlərində keçirilən və 1100 respondentin iştirak etdiyi sorğu göstərib ki, respondentlərin 17,3 %-i hakim "Mülki Müqavilə" partiyasını, 6,4 %-i isə "Ermənistan" blokunu dəstəkləyəcək.
Eyni zamanda, rəyi soruşulanların 75 %-i hökumətin işindən narazı olduğunu bildirib.
Reytinqdə ikinci yerdə "Taşir" şirkətlər qrupunun prezidenti Samvel Karapetyan qərarlaşıb, o, təxminən 10 % dəstək qazanıb. Üçüncü yeri 6 %-lə Ermənistanın ikinci prezidenti Robert Koçaryan tutub.