Fransada kütləvi etirazlarda 30 nəfər saxlanılıb - YENİLƏNİB-2
- 18 sentyabr, 2025
- 12:45

Fransada polis 30 etirazçını saxlayıb.
"Report" xəbər verir ki, bu barədə Fransa KİV-ləri polis mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Fransanın bir sıra şəhərlərində nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Toqquşmalar xüsusilə Tuluz, Brest və Marsel şəhərlərində yaşanıb.
Parisdə polis etirazçıları gözyaşardıcı qaz və rezin dəyənəklər tətbiq etməklə dağıdıb.
"Report" xəbər verir ki, bu barədə "Parisien" nəşri yazıb.
"Polis avtobus deposunu blokada edən nümayişçilərə qarşı güc tətbiq edib və rezin dəyənəklərlə zərbələr endirib. Hüquq-mühafizə orqanları gözyaşardıcı qaz istifadə edib, etirazçılar isə tüstü şaşkaları ilə cavab veriblər", - məqalədə bildirilib.
BFMTV telekanalının məlumatına görə, aksiya yerli vaxtla səhər saat 6-da başlayıb. Ona avtobus sürücüləri də qoşulub.
Bütün Fransanı əhatə edəcək aksiyalarda 900 min nəfərədək insanın iştirak edəcəyi gözlənilir.
Bu gün Fransada dövlət xərclərinin azaldılması planına etiraz əlaməti olaraq 250-dən çox nümayiş planlaşdırılıb.
"Report" bu barədə Fransa KİV-inə istinadən xəbər verir.
Məlumata görə, müxtəlif iqtisadi sahələrin həmkarlar ittifaqları dövlət xidmətlərinin maliyyələşdirilməsinin artırılması, varlı vətəndaşlar üçün daha yüksək vergilərin tətbiqi, həmçinin geniş ictimai narazılığa səbəb olan pensiya islahatının ləğv edilməsi tələbləri ilə çıxış edirlər.
Etiraz aksiyalarına təxminən 800 min nəfərin qatılacağı gözlənilir.
Bununla əlaqədar ölkənin nəqliyyat sistemində ciddi fasilələr proqnozlaşdırılır, bir çox məktəblər müvəqqəti olaraq fəaliyyətini dayandıracaq.