EDB 2008-2024-cü illərdə Azərbaycandakı qeyri-suveren əməliyyatlarının ümumi dəyərini açıqlayıb
- 18 sentyabr, 2025
- 15:03

2008-2024-cü illərdə Azərbaycanda təsdiqlənmiş qeyri-suveren əməliyyatların ümumi dəyəri 2,6 milyard ABŞ dolları təşkil edib.
"Report" Avrasiya İnkişaf Bankına (EDB) istinadən xəbər verir ki, Azərbaycanın əsas investorları Avropa Yenidənqurma və İnkişaf Bankı (848 milyon ABŞ dolları), Asiya İnkişaf Bankı (791 milyon ABŞ dolları), Beynəlxalq Maliyyə Korporasiyası (209 milyon ABŞ dolları) və Asiya İnfrastruktur İnvestisiya Bankıdır (170 milyon ABŞ dolları). EDB prioritet istiqamətlər arasında energetika (714 milyon ABŞ dolları) və maliyyə sektorunu (517 milyon ABŞ dolları) qeyd edib.
"Azərbaycanda maliyyələşdirmənin orta illik dəyəri 2,6 dəfə - 2008-2010-cu illərdəki 108 milyon ABŞ dollarından 2022-2024-cü illərdə 280 milyon ABŞ dollarına qədər artıb", - hesabatda qeyd olunur.
Beynəlxalq maliyyə təşkilatları 2008-2024-cü illəri əhatə edən dövrdə Cənubi Qafqaz ölkələri üçün ümumilikdə 11,3 milyard ABŞ dolları məbləğində qeyri-suveren maliyyələşdirməni təsdiqləyiblər. Avrasiya regionunda qeyri-suveren əməliyyatların ümumi məbləğində Cənubi Qafqaz ölkələrinin payı 2008-2010-cu illərdəki 9 %-dən 2022-2024-cü illərdə 20 %-ə dəyişib.
2022-2024-cü illərdə Avrasiya regionunda təsdiqlənmiş qeyri-suveren maliyyələşdirmənin dəyəri 16,4 milyard ABŞ dolları təşkil edib ki, bunun da 40 %-i (6,5 milyard ABŞ dolları) EDB-nin, 23 %-i (3,6 milyard ABŞ dolları) EBRD-in, 17%-i (2,8 milyard ABŞ dolları) Dünya Bankı Qrupunun payına düşür. Azərbaycanın payı isə 840 milyon ABŞ dollarıdır.
Maliyyə sektoru 2022-2024-cü illərdə beynəlxalq maliyyə təşkilatlarından 5,4 milyard ABŞ dolları məbləğində (ümumi dəyərin 33 %-i) vəsait cəlb edib. Energetika sektoru beynəlxalq maliyyə təşkilatlarının maliyyələşdirdiyi ikinci əhəmiyyətli sahədir (4,8 milyard ABŞ dolları və ya 29 %).