Ermənistan viza rejiminin liberallaşdırılması üzrə Aİ-nin ilk missiyasını qəbul edəcək
- 28 noyabr, 2025
- 10:39
Avropa İttifaqının (Aİ) Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə ilk qiymətləndirmə missiyası 2025-ci ilin dekabr ayının ikinci ongünlüyündə İrəvana səfər edəcək.
"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan daxili işlər nazirinin müavini Armen Kazaryan bildirib.
"Dekabrın ikinci ongünlüyündə Avropa İttifaqının ilk qiymətləndirmə missiyasını qəbul edəcəyik. Missiya qanunvericilik və viza siyasəti ilə bağlı məsələləri araşdıracaq. Ekspert qrupunun işinin yekunu üzrə hesabat hazırlanacaq", - A.Kazaryan qeyd edib.
Onun sözlərinə görə, layihənin praktiki olaraq həyata keçirilməsi üçün ikinci missiyanın da səfəri gözlənilir: "Bu səfərlər mütəmadi xarakter daşıyacaq".
Nazir müavini deyib ki, viza rejiminin liberallaşdırılması C kateqoriyalı Şengen vizasının alınması tələbinin ləğvini nəzərdə tutur. "Başqa sözlə, bir şəxs Şengen zonasında 180 gün ərzində maksimum 90 gün qala bilər", - o əlavə edib.