Ərdoğan: Enerji və müdafiə Türkiyə ilə ABŞ arasında əməkdaşlığın prioritet sahələridir
- 22 sentyabr, 2025
- 23:55

Türkiyə enerji və müdafiə sənayesini ABŞ ilə əməkdaşlığın prioritet sahələri kimi görür.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Türk-Amerika İş Şurasının (TAİK) təşkil etdiyi investisiya konfransında deyib.
"Müdafiə sənayesi sahəsində əməkdaşlığımız ən qısa zamanda, müttəfiqlik ruhunda maneələrdən və məhdudiyyətlərdən azad edilməlidir. Biz bu sahədə yeni layihələr, tədarük zəncirləri, birgə istehsal kimi bir çox addımlar ata bilərik ki, bunların hamısı ümumi maraqlarımıza xidmət edir", - Türkiyə lideri bildirib.
O, iki ölkə arasında ticarət həcminin ildən-ilə artdığını vurğulayıb:
"Keçən il iki ölkə arasında ticarət dövriyyəsi 35 milyard dolları ötüb. ABŞ aparıcı ixracatçılarımız arasında ikinci, aparıcı idxalçılarımız arasında isə beşinci yeri tutub. Hörmətli dostum, ABŞ prezidenti Donald Trampla 2019-cu ildə təyin etdiyimiz 100 milyard dollarlıq ticarət həcmi bizim ortaq hədəfimiz olaraq qalır".
Bu kontekstdə Ərdoğan müxtəlif sahələrdə, xüsusilə enerji, kiberməkanda və digər sahələrdə qarşılıqlı investisiyaların artırılmasının böyük əhəmiyyətini də qeyd edib:
"Son bir ildə ölkəmizə birbaşa xarici investisiyaların həcmi təxminən 14 milyard dollara çatıb. Biz bu yaxınlarda növbəti üç il üçün yol xəritəsi rolunu oynayan Orta Müddətli Proqramı dərc etmişik. 2028-ci ilə qədər iqtisadiyyatımızın həcmini 1,9 trilyon dollara çatdırmağı planlaşdırırıq. Biz ixracı 300 milyard dollara çatdırmağa çalışırıq".
Ərdoğan əlavə edib ki, türk şirkətlərinin ABŞ-dəkı sərmayələri 13,2 milyard dollara, ABŞ şirkətlərinin isə Türkiyəyə sərmayələri 15,7 milyard dollara çatıb.