CPC dəniz terminalında neft sızması nəticəsində dəymiş 2,1 milyon dollarlıq təzminatı ödəyib
- 10 sentyabr, 2025
- 22:31

Xəzər Boru Kəməri Konsorsiumu (CPC) Novorossiysk limanının akvatoriyasında dəniz terminalında baş vermiş neft sızması nəticəsində Qara dənizə dəymiş ziyanı məhkəməyəqədərki qaydada ödəyib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə CPC və "Rosprirodnadzor" məlumat yayıb.
Qurum dəymiş ziyanı 179 milyon 298 min 490 rubl (2,125 milyon ABŞ dolları) həcmində qiymətləndirib.
"Nəzarət orqanı müəyyən edib ki, sızmanın nəticələrinin aradan qaldırılması zamanı bərpası mümkün olmayan itkilərin həcmi 8,43 kubmetr və ya 6,7 ton neft təşkil edib. 2025-ci il sentyabrın 8-də Xəzər Boru Kəməri Konsorsiumunun rəhbərliyinə dəymiş ziyana görə könüllü kompensasiya tələbi daxil olub", - məlumatda deyilir.
Daha əvvəl avqustun 29-da "T.Semahat" tankerində fövqəladə hadisə baş verdiyi bildirilmişdi. Yük əməliyyatı zamanı 2 saylı dayaq yanalma qurğusunun şlanqları vasitəsilə dəniz səthinə müəyyən miqdarda neft axıb. Dəniz terminalının akvatoriyasında yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması avqustun 30-da başa çatıb.
2 saylı dayaq yanalma qurğusunun qeyri-müəyyən müddətə istismardan çıxarıldığı bildirilib.