"Avroüçlük" İranı MAQATE-nin bütün nüvə obyektlərinə girişinə icazə verməyə çağırıb
- 24 sentyabr, 2025
- 01:14

"Avroüçlük" ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) və Avropa İttifaqı (Aİ) İranı ABŞ ilə birbaşa danışıqları bərpa etməyə və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) bütün nüvə obyektlərinə girişinə icazə verməyə çağırıb.
"Report"un məlumatına görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.
"Avroüçlük" ölkələri və Aİ İranı növbəti günlərdə, hətta saatlarda onun nüvə proqramı ilə bağlı uzun müddətli problemlərin həlli üçün praktik addımlar atmağa təkidlə çağırıb. Bu, ABŞ ilə birbaşa danışıqların bərpasını və İranın öhdəliklərinə uyğun olaraq MAQATE-nin bütün İran nüvə obyektlərinə girişinin təmin edilməsini əhatə edir", - bəyanatda qeyd edilib.
"Avroüçlük" ölkələri olaraq biz lazım gələrsə, "snapback" mexanizminin (BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpası - red.) prosesini tamamlamağa hazırıq, lakin bu bizim qarşılıqlı əlaqələrimizin sonu demək deyil. Biz İranın nüvə proqramı probleminə diplomatik həll yolu tapmağa hələ də sadiqik", - paylaşımda vurğulanıb.
Qeyd edək ki, çərşənbə axşamı Nyu-Yorkda keçirilmiş görüşün nəticələrinə görə tərəflər İranın nüvə proqramı üzrə məsləhətləşmələri davam etdirməyə razılaşıblar.