İngilis tədqiqatçı: BƏƏ bugünkü səviyyəyə çatmaq üçün 50 il vaxt sərf etdisə, Azərbaycan bunu 15-20 ilə etdi

Qarabağ
  • 15 oktyabr, 2025
  • 13:26
İngilis tədqiqatçı: BƏƏ bugünkü səviyyəyə çatmaq üçün 50 il vaxt sərf etdisə, Azərbaycan bunu 15-20 ilə etdi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bugünkü səviyyəyə çatmaq üçün 50 il vaxt sərf etdisə, Azərbaycan bunu 15-20 ilə etdi.

"Report" xəbər verir ki, bunu ingilis tədqiqatçı və yazıçı Qrem Vilson 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisinin çərçivəsində "Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində" mövzusunda keçirilən panel sessiyada deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda böyük inkişaf dinamikası var:

"Mənim ikinci vətənim saydığım Dubayda – Birləşmiş Ərəb Əmirliklərində iki böyük lider var: Prezident Şeyx Məhəmməd bin Zayed və vitse-prezident, Baş nazir Şeyx Məhəmməd bin Rəşid. Onlar 50 il ərzində ətraflarına ağıllı, enerjili və bacarıqlı bir nəsil toplayıblar. Məhz bu nəsil 1970-ci illərdən bəri BƏƏ-ni bugünkü səviyyəyə gətirib. Düşünürəm ki, hamımız razılaşarıq ki, BƏƏ bu gün çox yaxşı vəziyyətdədir.

Azərbaycanda artıq böyük bir dinamizm var. Hətta BƏƏ kimi bir ölkənin bu səviyyəyə çatması 50 il çəkdi. Azərbaycan isə bunu 15–20 ilə bacardı. Bizim danışdığımız insanlar çox ağıllı, enerjili, vətənpərvər və işini çox peşəkarcasına görən insanlardır. Bu, Qarabağda və bütövlükdə Azərbaycanda gördüyümüz dəyişikliklərdə özünü göstərir. Qısa zamanda siz hekayələrinizi çatdırmaq tərzinizi tamamilə dəyişmisiniz. Mən düşünürəm ki, bunun əsas səbəbi xalqın özü, azərbaycanlıların ruhudur".

O qeyd edib ki, bu gün Qarabağda böyük işlər gedir:

"Bu prosesləri işıqlandırmaq isə jurnalistlərin üzərinə düşür. Kommunikasiya, media, jurnalistika və hekayə anlatma baxımından vəziyyət tamamilə fərqlidir. İndi Azərbaycan jurnalistləri və media qurumları tərəfindən yayılan hekayələr, paylaşılan məqalələr çox dəyərlidir. Qarabağ hekayəsi çox böyükdür, amma siz bir nümunə yaradırsınız. Bu model göstərir ki, güclü milli liderlik və xalqın iradəsi ilə dünyada digər böhranlı vəziyyətlər də dəyişə bilər. Hazırda dünyanın başqa yerlərində də bu elementləri görürük. Qarabağda etdikləriniz bir nümunədir".

Son xəbərlər

Bütün Xəbər Lenti