Maduro: Trampla telefon danışığı hörmətli və səmimi tonda keçib
- 04 dekabr, 2025
- 05:59
Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı apardığını bildirib. O, söhbətin hörmətli və səmimi tonda keçdiyini, bunun ölkələr arasında dialoqa töhfə verdiyini vurğulayıb.
"Report"un məlumatına görə, Maduro bunu "Venezolana de Televisión" telekanalının efirində açıqlayıb.
"Telefon zəngi aldım və ABŞ Prezidenti Donald Tramp ilə danışdım. Deyə bilərəm ki, söhbət hörmətli tonda keçdi, hətta dostyana idi", – deyə Maduro bildirib.
O vurğulayıb ki, danışığın xarakteri iki dövlət arasında hörmətə əsaslanan dialoqa doğru atılan addımlardan xəbər verir.
Venesuela Prezidenti əlavə edib ki, ona "mikrofon diplomatiyası xoş deyil və mühüm məsələlər reallığa çevrilənə qədər gizli qalmalıdır". O, ABŞ ilə diplomatik dialoqu alqışlayaraq Venesuelanın sülhə sadiqliyini qeyd edib: "Yaşasın dialoq, diplomatiya və sülh!"