MM sədri: İlham Əliyevin BMT-dəki çıxışı bir çox dövlətlər üçün son dərəcə əhəmiyyətli olacaq
- 30 sentyabr, 2025
- 11:18

Prezident İlham Əliyevin sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı Cənubi Qafqazda yaranmış yeni reallıqların dünyanın əsas beynəlxalq platformasından təqdim edilməsi baxımından tarixi əhəmiyyət daşıyır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.
"Dövlət başçısı bəyan etdi ki, Azərbaycan onilliklər ərzində təcavüzə və işğala məruz qalan ölkə statusundan qalib ölkə və regional lider statusuna keçib. Çıxışda hərbi zəfərin diplomatik uğurla tamamlandığı xüsusi vurğulandı. Sülh sazişinin paraflanması və əldə edilmiş digər razılaşmalar dövlətimizin öz milli maraqlarını həm güc yolu ilə müdafiə etmək, həm də hüquqi və siyasi alətlərin köməyi ilə təsbit etmək qabiliyyətini nümayiş etdirib. Sülh sazişi həm də onu göstərdi ki, dayanıqlı sülh yalnız beynəlxalq hüquq normaları əsasında mümkündür", - spiker qeyd edib.
Onun sözlərinə görə, dövlət başçısı çıxışında azad edilmiş ərazilərin minalardan təmizlənməsinə, bərpasına, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına da diqqət çəkib:
"Prezidentin çıxışında azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və bərpasına, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına, infrastrukturun inkişafına böyük diqqət yetirildi.cAzərbaycan döyüş meydanında qələbəni davamlı inkişaf layihəsinə çevirməyi bacaran bir dövlət modeli kimi təqdim edildi. Ölkəmiz Şərqlə Qərbi birləşdirən nəqliyyat və enerji marşrutlarının əsas həlqəsinə çevrilib. Azərbaycanın rolu və əhəmiyyəti regionun hüdudlarından çox-çox kənara çıxır, Avropanın və Asiyanın təhlükəsizliyinə və tərəqqisinə təsir göstərir".
S.Qafarova vurğulayıb ki, İlham Əliyevin çıxışında beynəlxalq münasibətlər sistemində islahatlar aparılmasına çağırış edilməsi də çox əhəmiyyətlidir:
"Dövlət başçısı beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, qarşılıqlı hörmət və əməkdaşlıq, dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi və ikili standartlardan imtina olunması prinsiplərinin önəmini də vurğuladı".