Deputat: Süni intellekt sistemləri regionlar və sosial həssas qruplar üçün əlçatan olmalıdır

Milli Məclis
  • 07 oktyabr, 2025
  • 11:13
Deputat: Süni intellekt sistemləri regionlar və sosial həssas qruplar üçün əlçatan olmalıdır
Səbinə Salmanova

Süni intellekt sistemləri regionlar və sosial həssas qruplar üçün əlçatan olmalıdır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova parlamentdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında "QDİƏT regionunda davamlı sosial-iqtisadi inkişaf üçün süni intellekt - sosial aspektlər" adlı məruzəni təqdim edərkən deyib.

Onun sözlərinə görə, süni intellekt Azərbaycanda dövlət səviyyəsində prioritet istiqamətlərdən birinə çevrilib:

"Çünki süni intellekt ölkənin inkişafının əsas dayaqlarından biridir. Ölkədə süni intellektlə bağlı ayrıca qanun formalaşmasa da, bu mövzu artıq cəmiyyətin diqqət mərkəzindədir. Əsas məqsəd süni intellektin insan hüquqlarını və sosial ədaləti qoruyan bir mexanizm kimi inkişaf etdirilməsidir. Məlumatların işlənməsi zamanı vətəndaşların razılığı və məlumatın necə istifadə olunacağı şəffaf bildirilməlidir".

S.Salmanova qeyd edib ki, Azərbaycanda süni intellektin inkişafı üçün siyasi iradə mövcuddur, infrastruktur qurulub:

"İndi əsas məsələ bu texnologiyanın hüquqi və sosial baxımdan düzgün istiqamətə yönəldilməsidir. Süni intellekt təkcə texnoloji üstünlük deyil, ədalətli və güclü cəmiyyət qurmaq vasitəsidir. Süni intellektin cəmiyyətə təsiri, vətəndaşların hüquqları və həssas qrupların imkanlardan faydalanması qanunvericilikdən asılıdır".

"İlk olaraq bu sahədə etik və hüquqi çərçivə yaradılmalıdır. Səhiyyə, təhsil, sosial yardım və dövlət xidmətlərində şəffaflıq, ayrı-seçkilik etməmə və insan nəzarəti prinsipləri qanunla təsbit olunmalıdır. İkinci məsələ, alqoritmlərin səhv etmə risklərinin idarə edilməsidir. Məsələn, sosial yardım alan vətəndaşları müəyyənləşdirən süni intellekt sistemləri qərəzli ola bilər. Ona görə qanunla tələb olunmalıdır ki, bu sistemlər etik auditdən keçsin. Üçüncü, qəbul edilən normativ aktlar beynəlxalq standartlarla uyğunlaşmalıdır. müstəqil süni intellect müşahidə mərkəzi yaradılmalıdır", - o vurğulayıb.

Deputat həmçinin əlavə edib ki, süni intellekt bəzi peşələri aradan qaldıracaq, amma yenilərini yaradacaq:

"Parlament gələcəyə yönəlmiş əmək sahəsini tənzimləyən normativ aktları qəbul etməli, sosial müdafiə şəbəkələrini yenilənməsi və rəqəmsal savadlılıq proqramlarına ayrılan büdcəyə xüsusi diqqət yetirməlidir".

Son xəbərlər

Bütün Xəbər Lenti