Nigeriya D-8 ölkələrini media təhsili sahəsində əməkdaşlığa dəvət edir
- 21 noyabr, 2025
- 12:54
Nigeriya D-8 ölkələrini media təhsili sahəsində əməkdaşlığa dəvət edir.
Bu barədə "Report"a Nigeriya Mətbuat Şurasının baş direktoru/icraçı katibi doktor Dili Ezuqa bildirib.
Onun sözlərinə görə, hazırda D-8-ə üzv olan bütün ölkələrin media təşkilatları və jurnalistləri arasında geniş əməkdaşlıq platforması mövcuddur.
D.Ezuqa qeyd edib ki, artıq gələn ildən Nigeriyada UNESCO-nun 2-ci səviyyəli institutu fəaliyyətə başlayacaq. Bu, jurnalist hazırlığı üçün yeni platforma olacaq.
"Bütün D-8 ölkələri bu təhsil müəssisəsinin iştirakçısı olmağa dəvət edilir. Onlar tədris proqramının hazırlanmasına töhfə verə, tərəfdaşlıq əlaqələri qura, təqaüdlər ayıra bilərlər", - o bildirib.
Baş direktor vurğulayıb ki, D-8 ölkələri öz hekayələrini daha fəal şəkildə bölüşməli və narrativlərini təşviq etməlidir: "Biz əməkdaşlığa başlamalı, media sahəsində D-8 baxışını genişləndirməli və bunu indi etməliyik".