Azərbaycanda sadələşdirilmiş vergi və sosial sığorta dəyişikliklərinin sahibkarlara təsiri açıqlanıb
- 21 noyabr, 2025
- 13:44
Azərbaycanda sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV qeydiyyatı üçün ticarət dövriyyəsi həddinin 200 min manatdan 400 min manata qaldırılması nağd dövriyyəyə də şamil edildiyi halda kölgə iqtisadiyyatını genişləndirə bilər.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsinə və digər 16 qanuna təklif olunan dəyişikliklərin ilk oxunuşda müzakirəsi zamanı bildirib.
"Bu mənada məqsədli şəkildə həddin 2 dəfə artırılması və bunun yalnız nağdsız dövriyyəyə tətbiq olunması istiqamətində müzakirələr aparılır", - o qeyd edib.
E. Əliyev həmçinin vurğulayıb ki, fərdi sahibkarların gəlirlərinin (xərclər nəzərə alınmadan) 2 %-i miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməsi onlar üçün daha yüngül yük formalaşdıracaq: "Düzəliş edilməsəydi, 2026-ci ilin yanvarından fiziki şəxslərin sosial sığorta öhdəliyi minimum əməkhaqqının 50 %-i - yəni 200 manat olacaqdı.
Hazırda 140 mindən çox fərdi sahibkar var. Onların təxminən 75–80 %-nin illik dövriyyəsi 45–50 min manat aralığındadır. Bu halda sosial sığorta yükü dövriyyənin 2 %-i olmaqla təqribən 70–75 manat təşkil edəcək. Əgər təqdim edilən güzəşt mexanizmi olmasaydı, bu məbləğ 200 manat səviyyəsində olacaqdı".