Zeynəb Babayeva: Ümidvaram ki, "Hekayələrin səfirləri" sərgisi GWARP sığınacağına kömək edəcək
- 18 sentyabr, 2025
- 22:21

Gənc rəssam Zeynəb Babayeva "Hekayələrin səfirləri" xeyriyyə sərgisinin GWARP sığınacağına kömək edəcəyinə ümidvar olduğunu bildirib.
O, bunu "Report"a "Nine Senses Art Center"də baş tutan sərgidə deyib.
"Sərgi GWARP heyvan sığınacağına kömək məqsədilə təşkil olunub. Əsərlərimin satışından əldə olunan gəlirin bir hissəsi sığınacağa veriləcək. Qeyd edim ki, ilk fərdi sərgim Maqsud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzində keçirilib", - rəssam qeyd edib.
Zeynəbin sözlərinə görə, sərgidə həm köhnə, həm də yeni əsərlər nümayiş etdirilir:
"Səyahətimə pandemiya zamanı başladım: darıxırdım və gil fiqurlarından heykəllər düzəltməyi çox sevirdim. Onlayn işlərə baxmaqdan ilham aldım və bunu inkişaf etdirdim. Mən adətən iki cür - qarışıq materiallardan, xəzdən və gildən istifadə etməklə, bir də bütünlüklə gildən əsərlər yaradıram. Heyvanları sevirəm və səylərimi özlərinə kömək edə bilməyənlərə yönəltməyə qərar verdim".