Gələn il Mərkəzi Asiya ölkələri və Azərbaycan rəssamlarının konqresi keçiriləcək
- 15 noyabr, 2025
- 10:21
Özbəkistanda keçirilən "Mərkəzi Asiyada mənəvi irs və maarifçilik" beynəlxalq konqresinin iştirakçıları Daşkənddə Rəssamlıq Akademiyasının Mərkəzi sərgi salonunu ziyarət ediblər.
"Report"un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, qonaqlara Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan rəssamlarının işləri təqdim olunub.
Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov "Report"a açıqlamasında incəsənətin insan həyatındakı əhəmiyyətini vurğulayıb və Bakı ilə Daşkəndin bu sahədə əməkdaşlığı barədə danışıb.
O qeyd edib ki, sərgidə azərbaycanlı müasir rəssamların müxtəlif üslublarda yaratdığı on əsəri təqdim olunub, bu, qonaqlara milli rəssamlıq məktəbinin genişliyini və müxtəlifliyini görməyə imkan verib.
"Ölkələrimiz artıq üç ildir incəsənət sahəsində fəal əməkdaşlıq edir. Gələn il, təxminən, yanvarda Mərkəzi Asiya və Azərbaycan rəssamlarının konqresini keçirməyi planlaşdırırıq", - o əlavə edib.
Daşkənddə sərginin açılışı çərçivəsində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Rəssamlar ittifaqlarının sədrləri Özbəkistan Rəssamlar İttifaqının qızıl medalları ilə təltif olunublar.