Özbəkistan və Qazaxıstan arasında birgə hərbi təlimlər haqqında saziş imzalanıb - YENİLƏNİB

İnfrastruktur
  • 15 noyabr, 2025
  • 13:59
Özbəkistan və Qazaxıstan arasında birgə hərbi təlimlər haqqında saziş imzalanıb - YENİLƏNİB

Bu gün Daşkənddə Özbəkistan və Qazaxıstan arasında aparılmış yüksək səviyyəli danışıqların yekunu üzrə 13 vacib sənəd imzalanıb.

Bu barədə "Report" Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.

Xüsusilə tərəflər aşağıdakı mühüm sənədləri imzalayıblar: Transsərhəd su obyektlərinin birgə idarə edilməsi və səmərəli istifadəsi haqqında Saziş; Gömrük xidmətlərinin nümayəndəliklərinin açılması haqqında Saziş; Birgə hərbi təlimlərin keçirilməsi haqqında Saziş; Birgə investisiya platformasının yaradılması haqqında Çərçivə Sazişi; 2026-2027-ci illərdə turizm sahəsində əməkdaşlıqla bağlı Birgə Fəaliyyət Planı.

Bundan başqa, prezidentlər Ali Dövlətlərarası Şura çərçivəsində geologiya, nadir metallar və nadir torpaq metallarının hasilatı, transsərhəd çayların sululuğunun proqnozlaşdırılması və digər məsələlər üzrə ikitərəfli işçi qrupların yaradılması haqqında qərarlar qəbul ediblər.

Qazaxıstan və Özbəkistan sənaye, tikinti, neft-qaz kimyası, maliyyə, logistika və turizm sahələrində ümumi dəyəri 1,2 milyard ABŞ dolları olan 7 birgə layihəyə başlayıb.

"Report" Akordaya istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev videokonfrans formatında birgə layihələrə start verilməsi mərasimində iştirak edib.

Xüsusilə dövlət başçıları Sırdərya və Türküstan vilayətlərində "Mərkəzi Asiya" Beynəlxalq Sənaye Əməkdaşlığı Mərkəzinin və Daşkənddə "Tenge Bank"ın baş ofisinin fəaliyyətinə, Daşkənd vilayətində çoxprofilli logistika mərkəzinin, Yeni Daşkənddə "Astana" yaşayış məhəlləsinin, Qaşqadərya vilayətində neft-qaz-kimya kompleksinin, Yeni Daşkənddə "Astana" mehmanxana kompleksinin, həmçinin Qazaxıstanın paytaxtında "Daşkənd" mehmanxana kompleksinin tikintisinə start veriblər.

Ş.Mirziyoyevin mətbuat xidmətindən verilən məlumata görə, şənbə günü Daşkənddə keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclasının yekunu üzrə iki ölkənin liderləri Uçkuduk – Qızılorda marşrutu da daxil olmaqla yeni nəqliyyat dəhlizlərinin yaradılması və Aktau, Kurık və Xorqos limanlarında yük daşımalarının stimullaşdırılması istiqamətində birgə işin aparılmasının vacibliyini qeyd ediblər.

"Nəqliyyat və logistika sahəsində sistemli tərəfdaşlıq prioritet istiqamət kimi müəyyən edilib. Enerji resurslarının nəqli və emalı, enerjiyə qənaət, İT və "yaşıl" texnologiyaların tətbiqi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə hazırlıq ifadə edilib", - məlumatda bildirilib.

Bundan başqa, Qazaxıstan və Özbəkistan arasında kimya, geologiya, infrastruktur, logistika, aqrar sənaye və bir çox digər sahələrdə layihələri əhatə edən 8 milyard dollardan çox dəyərdə genişmiqyaslı Sənaye Kooperasiyası Proqramı hazırlanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti