Ankarada "Azərbaycanlı bəstəkarların piano əsərləri" adlı kitabın təqdimatı da keçirilib
- 18 sentyabr, 2025
- 18:37

Ankarada Qazi Universitetində "Azərbaycan-Türkiyə dünya musiqisinin simvolu Üzeyir Hacıbəyli" adlı tədbir çərçivəsində "Azərbaycanlı bəstəkarların piano əsərləri" ("Azerbaycanlı bestecilerden piyano eserleri" adlı kitabın təqdimatı keçirilib.
"Report"un Türkiyə bürosunun xəbərinə görə, kitab Ankara Opera və Balet Teatrının musiqiçi mütəxəssisi Nailə Əhmədova tərəfindən tərtib olunub.
Nəşrdə bir çox Azərbaycan bəstəkarlarının - Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Soltan Hacıbəyov, Asəf Zeynallı, Səid Rüstəmov, Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Vasif Adıgözəlov, Aqşin Əlizadə və başqalarının fortepiano üçün not əsərləri yer alıb.
Kitabda dahi bəstəkar Üzeyir Hacıbəyli, onun yaradıcılığı, musiqi sənətinə verdiyi töhfələrə dair geniş məlumat verilib.
N.Əhmədova "Report"un Türkiyə bürosuna bildirib ki, kitab Kipr Türk Cümhuriyyətinin Yaxın Şərq Universiteti də daxil olmaqla, Türkiyənin musiqi sahəsi üzrə 107 universitetinə, eləcə də musiqi təmayüllü məktəblərə və Türkiyə musiqi ictimaiyyətinə təqdim edilmək məqsədilə hazırlanıb.