Kəlbəcərin mərkəzi meydanında müxtəlif səpkili sərgilər təşkil olunub

Mədəniyyət siyasəti
  • 25 noyabr, 2025
  • 18:32
Kəlbəcərin mərkəzi meydanında müxtəlif səpkili sərgilər təşkil olunub

Şəhər Günü çərçivəsində noyabrın 25-də Kəlbəcərin mərkəzi meydanında müxtəlif səpkili sərgilər təşkil olunub.

"Report" xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, digər rəsmilər və şəhər sakinləri sərgilərlə tanış olublar.

Qonaqlara sərgilər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Fotoqraflar Birliyinin təşkil etdiyi "Kəlbəcər – obyektivdən tarixə" adlı fotosərgidə qurumun üzvü olan fotoqrafların Kəlbəcərə həsr edilən əsərləri yer alıb. Fotolarda Kəlbəcərin işğaldan əvvəlki və sonrakı dövləri, füsunkar təbiət mənzərələri, tarixi abidələri, eləcə də 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatı ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri əksini tapıb. Sərgi Kəlbəcərin keçmişi, bu günü və parlaq gələcəyi arasında canlı körpü yaradan vizual hekayələrlə ziyarətçilərə tarixin şahidi olmaq imkanı yaradır.

Sərgidə 44 günlük Vətən müharibəsini simvolizə edən 44 foto nümayiş olunur.

Azərbaycan Milli Xalça Muzeyinin "Yaddaş" adlı sərgisində muzeyin kolleksiyasından Qarabağ və Kəlbəcər xalçaçılıq məktəbinin nadir nümunələri təqdim edilir. Sərgi, xüsusilə, köçəri həyat sürən, heyvandarlıqla məşğul olan əhalinin məişətini əks etdirən alaçıq interyerini canlandırır. Nümayiş olunan eksponatlar bölgənin qədim etnoqrafik xüsusiyyətlərini və mədəni kodunu diqqətə çatdırır.

"Kəlbəcərin palitrası – rəsmlərdən boylanan zənginlik" adlı sərgidə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yerli rəssamların Kəlbəcərə təşkil edilmiş səfərləri zamanı ərsəyə gətirilən əl işləri nümayiş olunur. Rəsmlərdə Kəlbəcərin əsrarəngiz təbiəti, qədim tarixi, azad günləri və Qələbə ruhu rənglərin dili ilə ifadə edilib.

Sərgi məkanında xalq sənətkarlığı nümunələri də təqdim olunub. Bu sahə hazırda qədim sənət ənənələri üzərində inkişaf edir. Burada taxta üzərində oyma, xətəmkarlıq və keçə sənəti ustalarının əl işləri təqdim edilir. Eyni zamanda sərgi məkanında sənətkarlar bəzi nümunələrin hazırlanmasını əyani şəkildə nümayiş etdiriblər.

Tədbir çərçivəsində kəlbəcərli uşaqlar üçün rəsm üzrə ustad dərsləri də təşkil olunub. İştirakçılar Kəlbəcərin ecazkar mənzərələrini kətan üzərinə köçürüblər. Peşəkar rəssamlar sənətin sirlərini onlarla bölüşüb, öz tövsiyələrini veriblər.

Qonaqlar daha sonra milli mətbəx nümunələrimizin dadına baxıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti