Dünya Turizm Filmlərinin mükafatlandırma mərasimi başlayıb
- 04 dekabr, 2025
- 17:07
Portuqaliyanın tarixi Gimarayeş şəhərində Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CİFFT) 37-ci yekun mərasimi başlayıb.
"Report" xəbər verir ki, "Teatro Jordano"da keçirilən mərasimdə ən yaxşı dünya turizm filmləri (World Tourism Film Award 2025) mükafatlandırılacaq.
Mərasimdə dünyanın müxtəlif ölkələrindən turizm mütəxəssisləri, yaradıcı agentliklərin nümayəndələri, istehsal şirkətlərinin təmsilçiləri, jurnalistlər, eləcə də Birləşmiş Krallıq, İspaniya, Kolumbiya, Mərakeş, Almaniya, Yunanıstan, Polşa, İsveç, İsveçrə və s. ölkələrdən qonaqlar qatılır.
Həmçinin, "Global Media Group"a daxil olan "Kaspi" qəzetinin əməkdaşı Təranə Məhərrəmova mükafatlandırma mərasimində festivalın münsiflər heyətinin üzvü kimi iştirak edir.
İki gün davam edəcək tədbir CİFFT və Gimarayeş Bələdiyyəsinin təşkilatçılığı, Porto&Portuqaliyanın Şimal Turizm Təşkilatı tərəfindən dəstəklənir.
Bu il ərzində 50-dən çox ölkədən 4000-dən çox video dünyanın aparıcı turizm və korporativ film festivallarında yarışaraq sənayenin ən məşhur filmləri arasında yer almağa çalışıb. Filmlər beş əsas kateqoriya - şəhər, region, ölkə tanıtımı, turizm məhsulları və turizm xidmətləri üzrə mükafatlandırılacaq. Mərasimdə həmçinin iki xüsusi mükafat -Normmal ilə birlikdə hazırlanmış və BMT Turizminin iştirakını nəzərdə tutan "Turizm Mətbuatı Mükafatı" və "GreenWorking Awards" mükafatları sahiblərini tapacaq.
Bundan əlavə, xüsusi fərqlənmə mükafatları da olacaq. Tədbir çərçivəsində iştirakçılar şəbəkə sessiyalarına, ekspert panellərinə və təyinat marketinqi, yaradıcı sənaye və kommunikasiya sahəsində liderlər arasında mübadiləni təşviq edən mədəni təcrübələrə çıxış əldə edəcəklər.