"Araz-Naxçıvan"ın kapitanı: "Benfika" tarixinin ən yaxşı heyətini yığıb"
- 04 dekabr, 2025
- 17:46
Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Benfika" (Portuqaliya) tarixinin ən güclü heyətini yığıb.
Bunu "Report"a açıqlamasında Naxçıvan təmsilçisinin kapitanı Emin Kürdov deyib.
Təcrübəli qapıçı komandasının oyunöncəsi son durumunu dəyərləndirib:
"Komandada durum, əhval-ruhiyyə yaxşıdır. Bildiyiniz kimi Lissabon şəhəri xeyli uzaqdır, üstəlik 4 saat fərq var. Uzun yol gəlmişik, komandada hər şey qaydasındadır. Niyə də yaxşı olmasın? 10 ilin ən yaxşı nəticəsini göstərmişik, Avropada ən güclü 16 komanda arasında yer almışıq. Uzun müdətdən sonra bu mərhələyə vəsiqə qazanmışıq. Düzdür, ilk oyunda zədələr, sarı vərəqələr səbəbindən komandanın 50 faizi oynamadı. Digər tərəfdən də UEFA Çempionlar Liqasının favoriti ilə rəqib olduq. "Benfika" həmişə güclü olub. Amma deyərdim ki, bu il tarixlərinin ən yaxşı heyətini yığıblar. Portuqaliya, Braziliya, İspaniya millilərinin futbolçularını cəlb ediblər. Bu komandanı sadəcə alqışlamaq lazımdır".
O, "Benfika" ilə cavab matçında komandanın adına layiq oyun göstərməyə çalışacaqlarını bildirib:
"Sabahkı oyuna hazırlaşacağıq. Yaxşı əhval-ruhiyyə ilə meydana çıxacağıq. Düzdür, mikrozədələri olanlar var. Amma tam heyətlə oynaya biləcəyik. Bu gün oyunöncəsi ilk məşqimiz olacaq. Futzalçı karyeranda hər zaman "Benfika" kimi komandalarla rəqib olmursan. Şükür ki, qismət oldu və meydana çıxıb "Araz-Naxçıvan" adına layiqli oyun göstərəcəyik. Proqnoz vermək olmur, amma yaxşı əhval-ruhiyyə ilə oynayacağıq".
Qeyd edək ki, "Benfika" - "Araz-Naxçıvan" matçı dekabrın 5-də Lissabondakı "Pavilyao Fidelidade"də, saat 21:30-da start götürəcək. Komandalar arasında Bakıda keçirilən ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb.